XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Ağdamda təşkil olunub
Mədəniyyət

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Ağdamda təşkil olunub

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Muğam Mərkəzində keçirilən konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadov) geniş konsert proqramı ilə çıxış edib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Xatirə Həsənzadə çıxış edərək, böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar.

Konsertdə iştirakçılar Ü.Hacıbəylinin “Cəngi” miniatürünü, “Bayram suitası”nı, “Sevgili canan” romansını, “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyasını,  “Uzundərə”, “Nazeləmə” rəqslərini, “Sarı gəlin”, “Qarabağ şikəstəsi”ni, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini zövqlə dinləyiblər. Xanəndələr İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz  Orucova, müğənnilərdən Nərgiz Kərimova, Taleh Yəhyayev, Fəxri Kazım Nicat və başqalarının ifaları alqışlarla qarşılanıb.

AZƏRTAC