Xidmət abonentləri razı salır
Sosial həyat

Xidmət abonentləri razı salır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır. Enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət almışdır.

Son 10 ildə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının yenidən qurulması ilə yanaşı, bərpa olunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sisteminin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticəsinin göstəricisi kimi də xarakterizə olunur.

Vurğulamaq lazımdır ki, respublikamızın elektroenergetika sistemi ötən müddətdə tanınmaz dərəcədə dəyişib və bütün yenidənqurma tədbirləri perspektivdə nəzərə alınmaqla reallaşdırılıb. Bu baxımdan ardıcıl və məqsədyönlü siyasət nəticəsində respublikamızın paytaxtı ilə yanaşı regionlarda da qısa müddətdə böyük nəticəyə nail olunub.

Abşeron rayonunda da abonentlərin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmış, ən müasir texnologiya və avadanlıqların tətbiqinə üstünlük verilmiş, yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaranmışdır.

Bizimlə söhbət zamanı rayon enerji təchizatı və satışı idarəsinin rəisi, təcrübəli energetik Şahin Qədimli bildirdi ki, hazırda rayon Enerji Təchizatı və Satışı İdarəsində 107769 əhali, 3647 qeyri-əhali abonenti qeydə alınmışdır.

Operativ rəhbərlik nəticəsində 2021-ci il iyunun 20-dək keçən ilin müvafiq dövrü ilə müqayisədə enerji dəyərinin yığımı 2.21 faiz artmışdır.

İdarənin əməkdaşları rayon ərazisində abonentlər arasında geniş maarifləndirmə işləri aparır, onlara məsləhət görürlər ki, təhlükəsizlik texnikasına düzgün riayət etməklə, qənaət rejiminə əməl olunmasını diqqət mərkəzində saxlasınlar. Rayonun təcrübəli energetikləri səmərəli işləri ilə iyunun 20-dək Xırdalan şəhəri, Masazır, Müşfiqabad qəsəbəsi və digər ərazilərdə bir çox TM və KTM-ləri təftiş etmiş, bu sahədə texniki dəyişikliklər aparılmış, köhnəlmiş dayaqlar yenisi ilə əvəz olunmuş, bir çox dayaqlar rənglənmiş, yararsız sayğac qutuları yenisi ilə əvəz olunmuş və digər işlər həyata keçirilmişdir.

Şahin Qədimli sözünə davam edərək vurğuladı ki, idarədə kadr potensialının artmasına da maksimum səy göstərilir. Son dövrlərdə 4 nəfər gənc işə qəbul olunmuş, onlar üçün normal əmək şəraiti yaradılmışdır.

Abonent Etirazları Komissiyasının fəaliyyəti də təqdirəlayiqdir. Abonentlərin komissiyaya etdikləri müraciətlərə vaxtında baxılır və onların üzləşdikləri problemlər həll olunur.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri ən yeni avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, təcrübəli işçi potensialı yetişdirmək üçün bir neçə il öncə “Azərişıq” ASC-də Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkəsində istehsal olunan və yeniləşən müasir texniki avadanlıqların öyrənilməsi üçün Xırdalan rayonunun energetikləri mütəmadi olaraq Tədris Mərkəzində fəaliyyət göstərən ixtisasartırma kurslarına göndərilir.

Qədir ASLAN,

“Respublika”.