Xəzəryanı dövlətlərin əməkdaşlığı genişlənir
Digər xəbərlər

Xəzəryanı dövlətlərin əməkdaşlığı genişlənir

İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının növbəti VI Zirvə Toplantısı böyük siyasi-iqtisadi əhəmiyyətə malik olan bir tədbir oldu. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyası  və İranın dövlət rəhbərlərinin iştirakı ilə keçirilən bu mötəbər toplantıda dövlət başçıları Xəzər dənizində əməkdaşlığa, aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Xəzərin ekoloji problemlərinə dair geniş müzakirələr aparıblar.

Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik gərgin əmək nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edir. Bu Konvensiya dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaqdır.

Sahilyanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur.

Bu günə kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün böyük töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləridir. Eləcə də, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

Dənizin sahillərində salınmış limanlardan istifadə qabiliyyətinə görə də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Müxtəlif marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi ildən-ilə artır. Həmçinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsidir. Zəngəzur dəhlizi isə Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və şaxələnməsinə yol açacaq. Bütövlükdə isə Azərbaycanın son illərdə həyata keçirdiyi layihələr Xəzəryanı ölkələrin əməkdaşlığını daha da dərinləşdirir. O cümlədən, respublikamızda görülən işlər Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialın olduğunu bir daha göstərir.

Toplantıda ekologiya ilə bağlı məsələlərə də toxunulub. Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir.

Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Gülzar İBRAHİMOVA,

Avrasiya Universitetinin Elmi işlər

 üzrə prorektoru, siyasi elmlər

üzrə elmlər doktoru, professor.