Digər xəbərlər

"Xəzər Hövzəsi Araşdırmaları" Proqramına yekun vurulub

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun ("IDD") İxtisasartırma Proqramları tərəfindən təşkil edilən "Xəzər Hövzəsi Araşdırmaları" Proqramına yekun vurulub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, proqramda on yeddi ölkəni - Argentina, Belçika, Böyük Britaniya, Braziliya, Gürcüstan, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Meksika, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Türkiyə və Ukraynanı təmsil edən 30-dək xarici diplomat, dövlət qulluqçusu və diplomatik akademiya və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Proqram çərçivəsində keçirilən mühazirələr vasitəsilə iştirakçılar Xəzər regionun tarixi, geostrateji mövqeyi və iqtisadi imkanları barədə biliklərini artırıblar. Onların ölkəmizlə bağlı hərtərəfli məlumat əldə etmələri üçün müxtəlif mədəni, tarixi məkanlara, eləcə də Bakı Beynəlxalq Dəniz Limanına ziyarəti və Ağdam şəhərinə səfəri təşkil edilib. Bakı Beynəlxalq Dəniz Limanında olan iştirakçılara tarixi İpək Yolu üzərində mühüm mövqeyə malik Azərbaycanda icra edilən "logistik hub" konsepsiyasına dair məlumat verilib.

Proqram çərçivəsində Ağdama səfər edən qonaqlar Şahbulaq qalası, İmarət kompleksi, Cümə məscidi, Dram teatrı, Şəhidlər xiyabanı, Konfrans Mərkəzi də daxil olmaqla bir sıra tarixi məkanları ziyarət edərək, vaxtilə dağıntılara məruz qalmış abidələrin hazırkı vəziyyəti ilə tanış olub, eyni zamanda, oradakı quruculuq və bərpa işlərini yerində müşahidə ediblər.

Proqramın dekabrın 2-də baş tutan bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev regiondakı sülh quruculuğu prosesi, qonşu dövlətlərlə münasibətlər və Xəzər regionunda münaqişədən sonrakı vəziyyətlə bağlı mövzuları əhatə edən yekun mühazirə ilə çıxış edib. Daha sonra Azərbaycan Prezidentinin köməkçisi proqramı uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edib.

Proqramla bağlı təəssüratlarını bölüşən qazaxıstanlı Salimcan Toilybek deyib: "Azərbaycan bizə məsafə baxımından yaxın olmasına baxmayaraq, ölkənizlə bağlı məlumatım məhdud idi. Buraya gəlmədən, bu Proqramda iştirak etmədən, Xəzərin Azərbaycan tərəfini kəşf etmək, onun tarixini, mədəniyyətini, eləcə də Qarabağla bağlı məsələləri dərindən öyrənmək mümkün deyil".

AZƏRTAC