Xəzər dənizində qanunsuz balıq ovu ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Xəzər dənizində qanunsuz balıq ovu ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Cari il iyunun 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğlu və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu etmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Babayevin Xəzər dənizində qanunsuz nərə balığı ovu etmək məqsədilə tanışları Bəhruz Mirzəyev, Qismət Mürşüdov, Raqib Əhmədov və Xəyal Bəxtiyarov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib onları təlimatlandırmaqla ov üçün lazım olan bütün avadanlıqla təmin etdiyi, iyunun 15-də Bəhruz Mirzəyev, Raqib Əhmədov və Xəyal Bəxtiyarovun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən müvafiq icazə almadan “Bayda” tipli nəqliyyat vasitəsilə 392 kilometr məsafə qət edib mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərək Xəzər dənizinin Qazaxıstan Respublikası və Rusiya Federasiyası istiqamətində iyunun 15-dən iyunun 19-dək geri dönmədən açıq dənizdə qalıb qanunsuz olaraq ümumilikdə 620 kiloqram çəkidə 106 ədəd nərə cinsli balıqları qanunsuz tutduqları müəyyən olunub.

Elmar Babayev Qismət Mürşüdov ilə birlikdə isə Xəzər dənizinin Xızı rayonunun Giləzi kəndi ərazisindəki sahilində gözləməklə, iyunun 19-da onları sahildə qarşılayıb qanunsuz ovlanmış balıqları boşaldıb.

Toplanmış sübutlarla, Elmar Babayev Cinayət Məcəlləsinin 256.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və digər su bioresurslarını qanunsuz tutma) və 32.3  318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməni təşkil etmə), Bəhruz Mirzəyev, Xəyal Bəxtiyarov və Raqib Əhmədov isə Cinayət Məcəlləsinin 256.3-cü və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün məhkəməyə göndərilib.

AZƏRTAC