Xeyirxahlıq və ümid mücəssəməsi
Sosial həyat

Xeyirxahlıq və ümid mücəssəməsi

Bu gün dünyanın əksər nöqtələrində Azərbaycan sözü inkişaf, uğur, sabitlik və tolerantlıq anlayışları ilə assosiasiya olunur. Təbii ki, ölkəmizin müasir dünyaya daha yaxından tanıdılması, xalqımızın milli-mənəvi dəyərlərinin təqdimatı olduqca çətin bir işdir. Burada xüsusi bir plan, bir fəaliyyət gərəkdir ki, ölkə başçısının rəhbərliyi ilə bu fəaliyyət çox uğurla həyata keçirilib. Uzun illərdir Azərbaycanın öz milli kimliyinin tanıdılması, milli dəyərlərimizə sahib çıxılması və inkişaf etdirilməsi, ən əsası humanizmin və vətəndaş birliyinin daha yüksək səviyyəyə gətirilməsi işində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu olduqca yüksəkdir.

Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın Birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verməkdədir. Mehriban xanımın vaxtilə Milli Məclisin deputatı kimi də çoxşaxəli fəaliyyəti diqqət çəkir. O, təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, fəal deputat kimi seçiciləri ilə daim təmasda olub. Mehriban Əliyevanın fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində minlərlə məhbus azadlığa qovuşub.

UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın Birinci xanım statusunu da şərəflə daşıyıb. Ölkənin Birinci xanımı Prezidentin ən yaxın silahdaşına çevrilməklə, sosial sahəyə xüsusi diqqətlə yanaşıb, öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə çalışıb. 2017-ci il fevral ayının 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edib. Ölkənin Birinci xanımı bu illər ərzində öz fəaliyyəti ilə milli dövlətçilik tariximizdə daha bir ilkin əsasını qoymuş oldu, müstəsna xidmətləri ilə bu tarixin yeni ənənələrini formalaşdırdı. Azərbaycanda Birinci xanım institutunun fəaliyyəti, Heydər Əliyev Fondu kimi ölkə miqyasından kənarda da böyük nüfuza malik olan qurumun uğurları, milli mədəniyyətimizin dünyada təbliği ilə bağlı effektiv həllər, mədəniyyət diplomatiyasının nailiyyətləri bilavasitə bu şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycanda Birinci vitse-prezidentlik institutunun ən gözəl fəaliyyət örnəyini də məhz Mehriban xanım Əliyeva yaratdı.

Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşmışdır. Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil etmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur.

Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Mehriban xanım Əliyevanın genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə diqqəti çəkir. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə daşıması xalqına böyük sevgisinin ifadəsi idi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva belə bir tədbirin möhtəşəm olmasından ötrü əsl azərbaycançılıq sevgisi, vətənpərvərlik duyğusuyla çalışdı. I Avropa Oyunlarının uğurla başa çatmasından böyük sevinc hissi yaşayan Birinci xanımın bağlanış mərasimindəki çıxışını xalqımız yəqin ki, hələ də unutmayıb. Vətənə və xalqa bəslədiyi məhəbbətin səsində və sözündə kövrək notlarla ifadə olunması o gün həmin tədbiri izləyən bütün insanları təsirləndirdi, könülləri duyğulandırdı. Bütün ölkə və Avropa dövlətləri Mehriban xanımın sevincini, böyük qələbədən doğan həyəcanını duydu, onu sanki bir daha kəşf etdi. I Avropa Oyunlarının uğurla başa çatmasında “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması zənnimizcə ona indiyədək layiq görüldüyü saysız mükafatlardan daha çox sevinc hissi yaşatdı, duyğulandırdı.

Respublikamızın Birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl Ürək” beynəlxalq mükafatı, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeni və UNESCO-nun “Qızıl Motsart” medalı, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalı, Polşa Respublikasının xidmətlərinə görə “Böyük Komandor Xaçı” ordeni, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu, Azərbaycanda “Heydər Əliyev” ordeni, Rusiyada “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni, İtaliyanın xidmətlərinə görə “Böyük Xaç Kavaleri” ordeni ilə təltif olunub. Mehriban xanım Əliyeva, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə də Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə mükafatlandırılıb. O, daha neçə-neçə mükafatlara, fəxri təltiflərə layiq görülüb, bundan sonra görüləcək də! Ancaq Mehriban xanımın ən böyük ödülü ona olan böyük xalq inamı, xalq məhəbbətidir! Verilən yüksək adlar, onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir.

Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.

Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həyata keçirdiyi bütün layihələr xalqa layiqli xidmət prinsipinə söykənir. Onun dövlət idarəçiliyi fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal yenə də ön plandadır. Əminik ki, Mehriban xanım Əliyeva bu xeyirxah, nəcib missiyanı bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələrini verəcəkdir. Sözsüz ki, Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycanın inkişaf tarixində xüsusi yerə malikdir. Qeyd etdiyi kimi “ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” devizini bu gün də layiqincə davam etdirir.

Vəli ALBƏNDOV,

Əməkdar mühəndis.