Xəqani Məmmədov: İnzibati məhkəmələrin əldə etdiyi uğurlar bir çox ölkələr üçün nümunədir
MÜSAHİBƏLƏR

Xəqani Məmmədov: İnzibati məhkəmələrin əldə etdiyi uğurlar bir çox ölkələr üçün nümunədir

Bu il Azərbaycanda inzibati məhkəmələrin fəaliyyətə başlamasının 10 ili tamam olur. Ali Məhkəmə bu əlamətdar hadisənin qeyd edilməsi üçün ilin əvvəlindən etibarən müxtəlif tədbirlər keçirir. Onlardan biri də inzibat məhkəmələrin 10 illik fəaliyyətimə həsr olunmuş kitabın nəşridir. Bu gün həmin kitabın təqdimat mərasiminə toplaşmışıq. Ölkəmizdə inzibati-ədliyyə sahəsində həyata keçirilən islahatlar, həm inzibati orqanlardakı icraatla bağlı, o cümlədən inzibati orqanların fəaliyyətindən, məhkəmələrə verilən şikayət zamanı şikayətlərə baxılması mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov dekabrın 18-də jurnalistlərə müsahibəsində deyib.

X.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli müvafiq Fərmanından sonra da bu sahədə islahatların hədəfi daha da dərinləşdirilib, ixtisaslaşma tam başa çatdırılıb. Bu gün inzibati məhkəmələr dövlət-hakimiyyət orqanlarının qərar və hərəkətləri ilə bağlı mübahisələrə baxıb qərar çıxarırlar. İnzibat məhkəmələrdə baxılmış işlərin böyük əksəriyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə dair qərarların çıxarılması ilə nəticələnib. Təhlillər onu göstərir ki, inzibati məhkəmələrə edilən müraciətlərin sayı ildən-ilə artır. Bu, ölkəmizdə ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi ilə bağlıdır. Eyni zamanda, məhkəmədə müdafiə üçün real mexanizmlərin mövcudluğunu göstərir.

Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri qeyd edib: "Ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatlarına uyğun olaraq inzibati məhkəmələrdə təkmilləşdirmə ilə bağlı işlərin davam etdirilməsi, yeni yanaşmaların qəbulu, qanunvericilikdəki dəyişiklərin aparılması daimi hədəflərimiz sırasındadır. Qürurla deyə bilərik ki, ötən on ildə inzibati məhkəmələrin əldə etdiyi uğurlar və bu sahədə Azərbaycan modeli bir çox ölkələr üçün nümunədir. Yeni çağırışlar yeni dövrün hüquqi dövlət prinsiplərinə uyğun, o cümlədən məhkəmə fəaliyyətini qurulmasını tələb edir. Məhkəmə icraatının, o cümlədən inzibati məhkəmə sahəsində səmərəliliyin, keyfiyyətin artırılması daim prioritet məsələdir.

X.Məmmədov "Elektron-məhkəmə" icraatı sahəsində də işlərin daim davam etdirildiyini vurğulayıb.

AZƏRTAC