Xəlil Kələntər: Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı diasporumuz qarşısında yeni vəzifələr müəyyənləşdirəcək
Diaspora

Xəlil Kələntər: Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı diasporumuz qarşısında yeni vəzifələr müəyyənləşdirəcək

Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünyaya səpələnmiş diasporumuzun qarşısında yeni vəzifələr müəyyənləşdirəcək.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər deyib. Bildirib ki, planetin dörd bir yanından azad Qarabağa gələn soydaşlarımız həm də Şuşadan bütün dünyaya birlik, ədalət, sülh mesajı verəcəklər. Azərbaycanın güclü, qətiyyətli, eyni zamanda, sülhsevər, humanist dövlət olduğunu, xalqımızın isə doğma Vətənini hədsiz məhəbbətlə sevdiyini nümayiş etdirəcək.

"Şübhəsiz ki, bütün bunlar bizim hər birimizə əvəzsiz sevinc və qürur hissi yaşadır. Azərbaycan diasporunun nümayəndələri ilk dəfə azad Qarabağda, azad Şuşada toplaşacaq. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa daha bir möhtəşəm tarixi hadisəyə ev sahibliyi edəcək", - deyə Yaponiyada yaşayan diaspor rəhbəri vurğulayıb.

Xəlil Kələntər xüsusi qeyd edib ki, son illər Azərbaycanın bütün sahələrdə əldə edilən böyük uğurlarının müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq son illərdə Azərbaycan diasporu da çox böyük inkişaf yolu keçib. Dünyanın hər bir yerində güclü diasporumuz formalaşıb və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin bütün beynəlxalq tribunalarda ölkəmizin milli maraqlarını, haqlı mövqeyini müdafiə etməsi, qətiyyətli bəyanatları, eyni zamanda, diasporumuz üçün bir yol xəritəsinə çevrilib.

Hazırda Azərbaycan diasporunun çox gücləndiyini əminliklə vurğulayan X.Kələntər diaspor təşkilatlarının ölkəmizin dövlət və milli maraqlarının xaricdə qorunmasında xüsusi rol oynadığını bildirib. O deyib: "Biz 44 günlük Vətən müharibəsi dövründə də bunun şahidi olduq. Xalqımız həm ölkə daxilində, həm də xaricdə bir yumruq kimi birləşdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərə öz töhfələrini verdi. Azərbaycan diaspor təşkilatları, eyni zamanda, erməni diasporu üzərində də qələbə qazandı. Yalan və saxta faktlar əsasında formalaşan erməni təbliğatı darmadağın edildi, erməni diasporunun əsl siması, iç üzü tanıdıldı".

X.Kələntər vurğulayıb ki, bu gün hər bir azərbaycanlı dünyanın istənilən yerində başıuca, alnıaçıq gəzir. Çünki bizə artıq məğlub kimi baxmırlar, biz qalib xalqıq. Biz Azərbaycan xalqının qəhrəmanlığını, qətiyyətini bütün dünyaya göstərmişik. Növbəti günlərdə dünya azərbaycanlılarının ürəyi Şuşada döyünəcək, qürurumuz göylərə ucalacaq. Prezident İlham Əliyevin daha da gücləndirdiyi Azərbaycan diasporu qələbələrimizi Şuşada qeyd edəcək.

AZƏRTAC

 

 

 

 

 

 

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan ikinci çoxtərəfli

məsləhətləşmələr

Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən "Miqrasiya üzrə Qlobal Paktın icrasında bütün cəmiyyətin iştirakının vacibliyi" mövzusunda təşkil edilən ikinci onlayn görüş may ayında Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunub.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, məqsəd "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılmasıdır.

Görüşün əhəmiyyətini vurğulayan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya idarəçiliyində ümumcəmiyyət yanaşmasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan mühüm addımlar barədə məlumat verib. Bildirib ki, Xidmət akademik dairələr, vətəndaş cəmiyyəti, özəl sektor, kütləvi informasiya vasitələri və miqrantlarla strukturlarmış dialoq quraraq onları miqrasiya sahəsi ilə yaxından tanış edir. Həmçinin ölkəmizin miqrasiya siyasətinin formalaşdırılmasında və Xidmətin fəaliyyətində onların aktiv iştirakını təşviq edir. Xidmət rəisi müxtəlif maraqlı tərəflərlə əlaqələrin qurulmasının miqrasiya idarəçiliyində şəffaflığın və inklüzivliyin artırılmasının, eləcə də mədəni müxtəlifliyin təminatlarından biri olduğunu vurğulayıb.

BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək mühüm qərarların qəbul olunmasında cəmiyyət nümayəndələrinin aktiv iştirakının zəruriliyini və vacibliyini diqqətə çatdırıblar.

Sonra çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.

AZƏRTAC