Xələf Xələfov: Azərbaycanla Ukrayna arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var
Siyasət

Xələf Xələfov: Azərbaycanla Ukrayna arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var

Azərbaycan ilə Ukrayna arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu vardır. İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın da fəaliyyətini qeyd etmək lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 4-də Azərbaycan-Ukrayna münasibətlərinə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ilə Ukrayna arasında humanitar, elm və təhsil sahələrində əlaqələr yüksək səviyyədədir. Buna misal olaraq deyə bilərik ki, Ukrayna dili Bakı Slavyan Universitetində hələ 1998-ci ildən tədris olunur.

Bakıda görkəmli Ukrayna şairi Taras Şevçenkonun, Ukraynada isə dahi şairimiz Nəsiminin abidəsi ucalır.

Ölkələrimizin BMT, Avropa Şurası, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini deyən X.Xələfov vurğulayıb ki, ərazi bütövlüyümüzün Ukrayna tərəfindən dəstəklənməsi beynəlxalq münasibətlərimizin əsasını təşkil edir.

AZƏRTAC