Xəbis və məkrli niyyətlər puç olur
Siyasət

Xəbis və məkrli niyyətlər puç olur

"Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli, bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin". Bu fikirləri yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcavüzkar siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. Onlar müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlar törədir və riyakarlıqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, bunun əksinə addımlar atır.

Məğlub Ermənistanın manipulyasiya imkanları da tükənməkdədir. Qeyd edək ki, bu ölkəyə qarşı sülhə məcburetmə tədbirləri yalnız Azərbaycan tərəfdən görülmür. Bu ölkənin danışıqlar masası arxasında əyləşməsini həm də regionda əməkdaşlığın genişlənməsinə, iqtisadi layihələrin reallaşmasına böyük maraq göstərən vasitəçilər də təkid edirlər. Artıq Ermənistanın yalançı göz yaşlarına vasitəçilər də inanmır.

Əslində Ermənistan öz taleyi ilə barışıb, lakin öz mənafeyi üçün ondan istifadə edən Fransa kimi bəzi ölkələr münasibətlərin normallaşmasına mane olur, sülh müqaviləsinin imzalanmasına əngəl törədirlər. Fransa parlamentinin aşağı palatası Senatın ardınca Azərbaycana qarşı qəbul etdiyi növbəti bədnam qətnaməsi ilə bu ölkənin nə qədər qərəzli olduğunu bir daha sübut etdi. Qərəz ifadəsi, çox yumşaq səslənir, çünki fransız deputatların Azərbaycana qarşı sərgilədiyi siyasətin bir adı var - düşmənçilik və riyakarlıq. Bu ölkə hər zaman Ermənistanı dəstəkləyib. Senatın qəbul etdiyi qərar isə Ermənistanı dəstəkləməklə, bütün beynəlxalq hüquq və prinsiplərin pozulmasıdır. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət nümayiş olunur. Onlar BMT, BMT Təhlükəsizlik Şurası səviyyəsində də iflasa uğradılar. Çünki çalışdılar ki, anti-Azərbaycan qətnaməsini qəbul etdirsinlər, ancaq bir şey alınmadı.

İran İslam Respublikasının da Azərbaycana qarşı riyakar davranışları davam etməkdədir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verən İran etibarsız qonşu olduğunu nümayiş etdirir. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı qərəzli, riyakar və düşmənçilik siyasəti daha aşkar özünü büruzə verir. Bu, onu göstərir ki, müstəqil Azərbaycanın güclü-qüvvətli olmasını İranın gözü götürmür. Dəhlizin regional iqtisadi əhəmiyyətini dərk edən bütün ölkələr Zəngəzur dəhlizinin açılmasını dəstəkləsə də, yalnız Tehran buna qarşı çıxır.

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum İranın beynəlxalq öhdəliklərə həqarət etdiyinin və Azərbaycana qarşı xəyanətkar missiyasını iyrənc formada davam etdirdiyinin növbəti sübutudur. İranın dövlətçilik tarixində müxtəlif xarici dövlətlərin rəhbərlərinə, diplomatik nümayəndələrə qarşı terror hadisələri törətdiyi hər kəsə məlumdur. Bu gün də bu rəzil siyasət davam etdirilir.

Terrorlar, təhdidlər bu gün müasir Azərbaycanı bir növ çəkindirmək, qorxutmaq üçündür. Amma bunların hamısı əbəsdir, çünki bugünkü Azərbaycan müstəqil, hərbi, siyasi, iqtisadi cəhətdən güclü olan ölkələr sırasındadır. Prezident İlham Əliyev dünyanın qəbul etdiyi nüfuzlu siyasətçidir. Bu gün Azərbaycanla dost olmaq, Azərbaycanın inkişafını görüb onun yanında olmaq istəyən ölkələrin sayı həddindən çoxdur və durmadan artır. Bu isə əminliklə belə deməyə əsas verir ki, anti-Azərbaycan siyasəti yürüdərək təxribat, terror törədən ölkələrin əməlləri onların özünə böyük problemlər yaradacaq.

Mustafa KAMAL,

"Respublika".