Xayfa şəhərinə yolumuz düşsə...

Xayfa şəhərinə yolumuz düşsə...

İsraildə Azərbaycan səfirliyinin açılması məni ikiqat sevindirdi. İsrailin üçüncü ən böyük şəhəri olan Xayfada illərcə ailə dostumuz Ağadayı Xanukayevin həyat yoldaşı Məryəm, oğlu Ruslan, qızları Nailə, Zarena yaşayır. Ağadayı dağ yəhudisidir, İsmayıllı rayonunun Mücühəftəran kəndində anadan olub, orada orta məktəbi bitirib, sonra taleyini zabit kimi hərbi qulluğa bağlayıb. Biz Ağadayı ilə hərbi geyimdə tanış olmuşuq. Altmışıncı illərin sonunda uzaq Rusiya ərazilərində yox, qismətimə düşən doğma şəhər- Naxçıvanda əsgəri xidmətdə idim. Tank polkunun pulemyotçular rotasına düşmüşdüm. İlk günlər hədsiz dərəcədə darıxdırıcı keçirdiYaşlı əsgərlər təsəlli verirdilər: "Sizin komandiriniz bakılıdır, bir-iki günə kursdan qayıdacaq, əla kişidir"...

Günlərin birində o gəldi. Ucaboy, sifətində xoş təbəssüm, yaraşıqlı baş leytenant, bizim komandir. Yaxınlaşıb rus dilində, əsgəri qaydada salam verdim, tanış olduq. Ətrafdakı rusların qulaq asmasına baxmayaraq, təmiz Azərbaycan dilində mənimlə hal-əhval tutdu, təhsilimi, haradan gəldiyimi soruşdu. "Hər şey yaxşı olacaq, dedi. Mən Şirvandanam, İsmayıllıda anadan olmuşam".

Doğrudan da  hər şey yaxşı oldu. Birillik əsgərlik müddətinin necə başa çatdığını bilmədimKomandir zabitlər kazarmasında qalırdı. Ailəsi Bakıda idi. Tez-tez məni balaca, bir otaqlıq mənzilinə qonaq aparırdı. İkiliyə məclis qururduq. Şeir, ədəbiyyat həvəskarı olduğundan söhbətimiz tuturdu.

Əsgəri müddəti bitirib Şirvana (o vaxt Əli Bayramlı adlanırdı) qayıtdım, redaksiyadakı işimi davam etdirdim. Aradan illər keçdi. Yenə günlərin birində dedilər ki, məni şəhər hərbi komissarlığında soruşurlar. Ora getmək lazımdır. Ürəyimə yüz fikir gəldi, zabit kimi məni hərbi təlimlərə apara bilərdilər. Komissarlıqda "İkinci şöbəyə gedin, dedilər, sizi orada soruşurlar". Qapını açanda gözümə inanmadım. O idi. Ucaboy, yaraşıqlı, üzündə mənə doğmaxoş təbəssüm, kapitan rütbəsində şöbə rəisi

O vaxt Xanukayevlər Bakıda imkanlı, tanınmış adamlar idilər. Ağadayı istədiyi yerə təyinat ala bilərdi, elə hərbidən komissarlığa düzəlməsinin özü onun geniş imkanlarından əlaqələrindən xəbər verirdi. O, mənə görə Əli Bayramlını (indiki Şirvan) seçmişdi. Bundan sonrasını tam təfərrüatı ilə qələmə almıram. Biz ailəvi dost olduq. Balalarımız demək olar ki, bir yerdə böyüdülər. Yay aylarında birgə ailəvi Yesentukidə istirahət etdik. Orada da bir-birimizə qonşuluqda ev kirayələdik.

Ağadayı Əli Bayramlıdan sonra işini Bakıda davam etdirdi. Hərbi qulluğu başa vurub ehtiyata  çıxdı. Bizneslə məşğul odu, ticarət sahəsində çalışdı. Əlaqələrimiz kəsilmədi. Sonra Xanukayevlər ailəsini Xayfaya yola saldıq.

Sonralar yaxın qohumum öz nəvəsini İsrailə müalicəyə aparanda mənim xahişimlə Xayfaya gedib Ağadayı ilə görüşmüşdü. Öyrənmişdi ki, Nailə tibb bacısı, Ruslan poçt sahəsində işləyir, ailə dövlət təminatındadır. Mənə məktub yollamışdı ki, Xayfaya gedib, onun qonağı olum. Təəssüflənirəm ki, bu, baş tutmadı.

Həyat inkişafdadır.   Dövlət başçımız  İlham Əliyevin apardığı uğurlu xarici siyasətin çoxsaylı nəticələrindən biri olaraq Azərbaycanla İsrail arasında dostluq əlaqələri ildən-ilə möhkəmlənmiş dost ölkədə səfirliyimiz açılmışdır. İndi vaxtsa Xayfaya yollanmaq mənə əlçatan görünür.

Xayfa İsrailin şimalında ölkənin üçüncü ən böyük şəhəridir. Müqəddəs kitablarda adı keçən Kermil dağı XayfadadırBu şəhərdə "Xayfa-Bakı" Cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin sədri Miron Fel dünya azərbaycanlıları həmrəyliyi sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir. "Xayfa-Bakı" Cəmiyyəti 1991-ci ildə təsis edilmişdir. Təşkilat Azərbaycanda vaxtilə yaşamış yəhudiləri öz ətrafında birləşdirir. Qurumun əsas məqsədi Bakıdan Xayfaya köçmüş insanları bir araya gətirmək Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Hazırda Cəmiyyətin tərkibində 800-ə yaxın Azərbaycandan köçmüş ailə təmsil olunur. Həmin ailələrdən biri mənim dostum Ağadayı Paşa oğlu Xanukayevin ailəsidir.

Xayfaya yolumuz düşsə, qonaq olacağımız etibarlı ailə var - gözəl, qədirbilən Xanukayevlər ailəsi.

Tofiq HÜSEYN,

"Respublika".