Xatirə kompleksi əbədi ehtiramın ifadəsidir
Region

Xatirə kompleksi əbədi ehtiramın ifadəsidir

Beyləqan rayonu Orta Əlinəzərli kəndində kəndin şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə kompleksi inşa olundu. "Dirimiz əsgərdir, ölümüz şəhid" adlı xatirə kompleksində 1-ci və 2-ci Qarabağ müharibəsində və Aprel döyüşlərində şəhid olan Orta Əlinəzərli kəndinin qəhrəmanlarının iri fotoşəkilləri əksini tapıb.

Xatirə kompleksinin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, şöbə müdiri Heybət Əliyev, şəhid ailələri və qazilər, kənd sakinləri, Əlinəzərli kəndinin məktəbliləri, idarə və müəssisə kollektivi iştirak etdilər. Vətən uğrunda canlarını fəda edən qəhrəmanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxundu. Xatirə kompleksinin önünə tər qərənfillər düzüldü.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək bütün şəhidlərmizə Allahdan rəhmət diləyib, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirdi. Y.Məmmədova Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğulayaraq, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhid ailələrinə dərin ehtiramını bildirdi.

Çıxış edənlər bildiriblər ki, Orta Əlinəzərli kəndində inşa olunan xatirə kompleksində 7 şəhidin xatirəsi əbədiləşdirilib. Kompleksdə 1-ci Qarabağ müharibəsi şəhidləri Əliyev Kərəm Qədim oğlu, Paşayev Paşa İbrahim oğlu, Aprel şəhidi Quliyev İnqilab Çingiz oğlu və İkinci Qarabağ müharibəsi şəhidləri İsmayılov Elvin Tələt oğlu, Heydərli Ayxan İlham oğlu, Əliyev Səbuhi Teyyub oğlu, Rəhimli Xəyal Rahil oğlunun fotoşəkilləri yer alıb. Şəhidlərin ailə üzvləri dövlət başçısının daim qayğısını hiss etdiklərini, diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Çıxışlardan sonra abidənin açılışı oldu. Məktəblilərin ifasında qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndirildi.

Ərəstun ABDULOV,

"Respublika".