Xarici teleaparıcı separatçıların
Digər xəbərlər

Xarici teleaparıcı separatçıların "başçısı"nı mat etdi

Şərqi Şəngəzurda fəaliyyət göstərən separatçı rejimin "naziri" olan Ruben Vardanyanın bu əraziyə Moskva tərəfindən göndərilməsi ilk gündən hər kəsə bəlli olmuşdu. Qərbin sanksiyalarından qaçan Vardanyan əslində, erməniləri deyil, öz sərvətini qorumağın yollarını axtarır, həm də bu ərazilərdə müəyyən güclərin rıçaqı rolunda oynayır.

"Yalan ayaq tutar, ancaq yeriməz", Ruben Vardanyanın BBC telekanalına verdiyi müsahibədə bu deyim bir daha təsdiqlənir. Təcrübəli aparıcı Stephen Sackurun sualları qarşısında aciz vəziyyətdə qalan Vardanyan çıxış yolunu ona ünvanlanan bütün suallara Laçın-Xankəndi yolundakı aksiyalarla bağlı cavab verməkdə görüb. Bəlkə də Ruben Vardanyan belə bir dialoqun baş tutacağını ağlından belə keçirməmişdi. Əgər sualları əvvəlcədən bilsəydi çətin ki, Sackurun qarşısına çıxmağa cəsarət tapardı. Özlərini tarix boyu aciz, yazıq, zülm görən millət kimi aparmaq artıq bunların canına hopub. Çox güman, Vardanyan müsahibədən əvvəl belə bir qənaətə gəlib ki, veriliş ekofəalların keçirdiyi aksiyalarla bağlı olacaq. "Hard Talk"da mat olan Vardanyana aparıcı bildirib ki, siz ya Azərbaycan hakimiyyətini qəbul etməlisiniz, ya da həmin əraziləri tərk etməlisiniz. Artıq bunu hər kəs başa düşür ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına icazə verməyəcək. Qarabağ erməniləri üçün ən yaxşı çıxış yolu Azərbaycan hakimiyyətini qəbul edib, normal yaşamaqdır. Sadə ermənilər bunu başa düşür, sadəcə Vardanyan kimi qaranlıq keçmişi olan oliqarxların oyuncağına çevriliblər. Özünü erməni sevdalısı kimi göstərən Vardanyan yerli ermənilər tərəfindən də xoş qarşılanmır. Şərqi Zəngəzurda yaşayan ermənilər Vardanyanın bu ərazini tərk etməsini istəyirlər. Aparıcı həm də bildirib ki, separatçı rejimlə Ermənistan hakimiyyətinin Şərqi Zəngəzur siyasəti üst-üstə düşmür. Belə ki, Ermənistan Baş nazirinin Qarabağı ərazi məsələsi yox, insanların hüquq məsələsi adlandırmasından da görünür ki, onlar separatçı rejimə istənilən dəstəyi vermirlər. Yəni, aparıcı bildirmək istəyir ki, apardığınız "mübarizə" boş-boşunadır, ən yaxşısı separatçılıqdan əl çəkin.

Ruben Vardanyanın Qarabağı qanunsuz qazanc mənbəyi kimi seçməsi də çox keçmədən aydın oldu və buna etiraz olaraq aksiyalar başladı. Humanitar məqsədlər üçün Laçın-Xankəndi yolundan sui-istifadə edən işbaz, indi ən çox buna hiddətlənib. Sadə erməni vətəndaşlarından öz maraqları üçün istifadə edən Vardanyan aksiyanın bitməsini ən çox ona görə istəyir ki, öz qanunsuz fəaliyyətinə davam edə bilsin. Sərvətini qorumaq üçün Moskva ilə razılaşan Vardanyanın hər bir sözü, hərəkəti onun hiyləgərliyini göstərir. Hər zaman ikili oyun oynayan ermənilər bu siyasətlə hər kəslə balans yaratmaq istəyir. Elə Ruben Vardanyan da işğalçılıq siyasəti ilə bağlı aparıcının sualına cavab verməkdən boyun qaçırıb. Yəqin ki, "Hard Talk" Vardanyanın həyatında ən çətin anlar kimi yadında qalacaq.

Musa BAĞIRLI,

"Respublika".