Xarici səyyahlar Şuşa şəhərinə səfər ediblər
Digər xəbərlər

Xarici səyyahlar Şuşa şəhərinə səfər ediblər

Kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edən xarici səyyahlar Ağdamdan sonra Şuşaya gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyyahlar əvvəlcə Yuxarı Gövhər ağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Beynəlxalq səyyahlar sonra qala divarları ilə tanış olublar. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Xarici səyyahlar Cıdır düzündə də olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Belçikadan olan səyahətçi Maselis Patrike AZƏRTAC-a müsahibəsində deyib: "Bu gün biz Ağdamda olduq, oradan isə Şuşaya gəlmişik. Azad edilmiş ərazilərdə qısa müddət ərzində geniş bərpa işləri aparılıb. Ağdam Qafqazın Xirosiması sayılır. Mən orada dağıntıları gördüm. Ümid edirəm ki, ora artıq Xirosima olmayacaq".

Digər səyyah Sonriza Rasko isə deyib: "Ağdamda və Şuşada gördüklərimiz bizdə dərin təəssüratlar yaratdı. Biz müharibənin olmasını istəmirik. Biz gördük ki, Azərbaycan artıq işğaldan azad edilmiş əraziləri bərpa edir. Bu, çox yaxşıdır".

ABŞ-dan olan səyyah Gina Moreno da işğaldan azad edilmiş ərazilərdə çoxsaylı dağıntıların şahidi olduğunu bildirib: "Bu dağıntıların arxasında insan faciəsi dayanır. Bu, bizi kədərləndirir. Bu dağıntıların aradan qaldırılması isə bizi sevindirir. Şuşa məndə xoş təəssüratlar yaratdı. Şuşa çox xoşuma gəldi".

AZƏRTAC