Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
Digər xəbərlər

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində müəyyənləşdirilərək saxlanılıb və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 2013-cü il iyunun 20-də həmin ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə Azərbaycan Respublikasının digər vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC