Xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş
Digər xəbərlər

Xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən mədəniyyət paytaxtımız Şuşa şəhərində "Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında" adlı xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə dəyirmi masa keçiriləcək. Dəyirmi masada iştirak etmək üçün Bosniya və Herseqovina, Portuqaliya, Serbiya, Albaniya, Qırğızıstan, Litva, Gürcüstan və Moldovadan ölkəmizə gələn həmkarlar ittifaqlarının nümayəndələri oktyabrın 19-da AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə görüşüblər.

Ölkəmiz haqqında qonaqlara ətraflı məlumat verən S.Möhbalıyev bildirib ki, Azərbaycanda həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunması məqsədilə ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin dövrün tələb və standartlarına uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində müasir metod və vasitələrdən yararlanaraq davamlı və planlı şəkildə öz işini uğurla davam etdirir. Həmkarlar ittifaqları tərəfindən əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, asudə vaxtın təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.

S.Möhbalıyev uzun illər davam etmiş Ermənistanın işğalçı siyasətindən, törətdiyi vandalizm hərəkətlərindən və terror aktlarından, bunun nəticəsində bir milyondan artıq insanın məcburi köçkün həyatı yaşamasından, hətta işğal dövründə danışıqları pozmaq üçün əl atdığı hərbi təxribatlardan da söz açıb.

AHİK sədri qeyd edib ki, hər bir ölkədə məşğulluğun təmin edilməsi, ən yüksək səviyyədə layiqli əmək şəraitinin yaradılması son dərəcə aktualdır. Şuşada keçiriləcək dəyirmi masanın mövzusunu əhəmiyyətli hesab edən S.Möhbalıyev aparılan müzakirələrin və gəlinən qənaətlərin səmərəli olacağına əminliyini ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

Şuşanın təbii gözəllikləri və əzəməti haqqında qonaqlara məlumat verən millət vəkili Ermənistanın vandal hərəkətlərinin bu şəhərdən də yan keçmədiyini bildirib: "Siz səfəriniz zamanı bunları öz gözlərinizlə görəcəksiniz. Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın şan-şöhrəti bu gün bütün dünyanı bürüyüb. İnanıram ki, bizim əziz Şuşamızın gözəlliklərindən zövq alacaqsınız və bu, sizdə xoş təəssüratlar yaradacaq".

Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, məşğulluq, əməyin təhlükəsizliyi, layiqli iş şəraiti, həmçinin məcburi əməyə qarşı mübarizə qlobal xarakter daşıyır, məhz buna görə də Şuşada keçiriləcək dəyirmi masa hər birimiz üçün önəmlidir.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər vacib məqamlardan da söz açılıb, geniş fikir mübadiləsi aparılıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.