Xarici KİV nümayəndələri Şuşa şəhəri ilə tanış olublar
Digər xəbərlər

Xarici KİV nümayəndələri Şuşa şəhəri ilə tanış olublar

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarından sonra Şuşa şəhərində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana aparıb əridərək materiallarını satmaq istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Xarici media nümayəndələri sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Merdinli məhəlləsinə gələn xarici jurnalistlər Şuşanın digər məhəllələrində olduğu kimi, burada da yaşayış evlərinin və tarixi abidələrin ermənilər tərəfindən dağıdılmasının şahidi olublar. Bildirilib ki, qədim Şuşada 17 məhəllə var. Məhəllələrin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllə sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan tikililər, o cümlədən məscidlər erməni vandalizminə məruz qalıb. Qonaqlara XIX əsrə aid Şirinsu hamamında, tarzən Sadıqcanın evində aparılan bərpa işləri barədə də məlumat verilib.

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri sonda Cıdır düzünə gəlib, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qonaqlar daha sonra Zəngilan rayonuna yola düşüblər.

AZƏRTAC