Xarici KİV nümayəndələri Gəncədə erməni terroru qurbanlarının xatirəsini anıblar
Sosial həyat

Xarici KİV nümayəndələri Gəncədə erməni terroru qurbanlarının xatirəsini anıblar

Özbəkistan, Gürcüstan və Moldovanın bir qrup media nümayəndəsi Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, "Qələbə" parkının yaxınlığında dağılan ərazini ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Bildirilib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan xəstəxanada ölüb.

Ümumiyyətlə, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində, xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaşarası, 11 nəfəri 5 yaşadək olub.

Xarici jurnalistlər fotolar çəkərək hazırlayacaqları reportajlar üçün qeydlər aparıblar.

AZƏRTAC