Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Sosial həyat

Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimində çıxış edən XİN-nin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva nazirliyin 20 Yanvar faciəsi ilə bağlı bəyanatını səsləndirib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək bildirib ki, Qanlı Yanvar hadisələrindən 32 il ötür. Eyni zamanda, bu il Azərbaycanın müstəqilliyinin 30 illiyini qeyd etmişik. Bu təcavüz Azərbaycanın müstəqilliyini bərpa etməsindən bir neçə il əvvəl başlayıb. Tam əminliklə demək olar ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqilliyinə, Respublikanın bütövlüyü uğrunda mübarizəsinə qarşı həyata keçirilmiş terror və cinayət aktı idi. Həmin dövrdə xalqlar SSRİ-nin bütün bölgələrində azadlıq uğrunda mübarizəyə qalxmışdılar. Bu mübarizənin önündə isə qəhrəman Azərbaycan xalqı gedirdi. Elə həmin dövrdə Azərbaycanın fürsətdən istifadə edən mənfur düşmən qonşusu dövlətimizə qarşı hiyləgər siyasətini həyata keçirməyə başladı. Onlar bu siyasəti həyata keçirmək - Azərbaycan ərazisinin bir hissəsini qopardaraq özünə birləşdirmək üçün münbit şərait seçmişdilər. Erməni daşnakları, separatçıları və terror təşkilatları əlbir olaraq, ilk növbədə, satqın SSRİ siyasi rəhbərliyinə yol tapmış, onlarla sövdələşmiş və bütün səylərini birləşdirmişdilər. Məqsəd ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək idi. Təbii ki, həmin dövrdə Bakıya və Azərbaycanın digər böyük şəhərlərinə SSRİ-nin qoşunlarının yeridilməsi bir məqsədə xidmət edirdi. Burada məqsəd SSRİ-də alovlanan azadlıq hərəkatını boğmaq və xalqların azadlıq hərəkatının qarşısının almaq üçün onlara dərs vermək idi. Həmin terror aktının, hərbi təcavüzün qəddarlığının mahiyyəti bu idi. Misli görünməmiş şəkildə, dünyada bir dövlət öz millətinə qarşı məhz öz ərazisində silahlı qüvvələrdən istifadə edib. Bu hadisələri, cinayətləri törədən siyasi hakimiyyətin başçısı Mixail Qarbaçov idi. Onun satqınlıq planları əsasında bu təcavüz həyata keçirildi. Azərbaycan xalqına divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi. Azərbaycan xalqına qarşı həyata keçirilmiş amansız bir aksiya idi. Lakin 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqilliyi uğrunda əzmini qıra bilmədi. İlk dəfə kommunist partiyası Azərbaycanda süquta uğradı, fəaliyyəti iflic oldu. Bunu Azərbaycan xalqı etdi. 20 Yanvar hadisələri SSRİ-nin süqutunun başlanğıcı oldu.

Nazir müavini qeyd edib ki, Azərbaycan üçün böyük siyasi hadisələrdən biri ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması idi. Azərbaycanda cərəyan edən siyasi durum, ölkəmizə qarşı təcavüzün genişlənməsi, ərazilərimizin işğal altına düşməsi, Dağlıq Qarabağın artıq sovet dövründə Azərbaycanın nəzarətindən çıxması ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb edirdi. Ümummilli lider Heydər Əliyev dövlətin əsaslarını möhkəmləndirdi. Ulu öndər Heydər Əliyev təcavüzün daha dərin və acınacaqlı nəticələr verməsinin qarşısını ala bildi. Ən başlıcası atəşkəsə nail oldu. O dövrdə atəşkəsə nail olunmasaydı, sonrakı quruculuq, inkişaf dövrləri mümkün olmazdı. Təbii ki, bütün bunlar, aparılan siyasət Azərbaycanı həm mənəvi siyasi, həm də dövlətçilik, idarəçilik baxımından dirçəltdi. Həmçinin 20 Yanvar hadisələri də öz siyasi qiymətini ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra aldı.

Xələf Xələfov diqqətə çatdırıb ki, 20 Yanvar şəhidlərinin ruhu artıq şaddır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu 30 illik təcavüzə son qoyub. Azərbaycanın işğal altındakı əraziləri azad olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün qətiyyətli addımlar atılıb. Bu gün biz bərpa-quruculuq işlərinə başlamışıq, bu, çox şərəfli işdir. Məqsəd məcburi köçkünləri doğma torpaqlarına, ata-baba yurdlarına qaytarmaqdır. Bu istiqamətdə dövlət bütün işləri görür. Lakin sözdə sülh tərəfdarı olan Ermənistan yenə də təxribatlar törədir. Amma artıq onlar da dərk edir ki, mənfur niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və onun arxasında durmaq iqtidarındadır. Biz, həmçinin sülhsevərliyimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycan regionun sabitliyinə, sülhə yönəlmiş məsələlərdə qətiyyət nümayiş etdirir.

Anım mərasimində Azərbaycan Dövlət Televiziyasi tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi də təşkil olunub.

AZƏRTAC