Xarici işlər naziri Ceyhun Bayramovun BMT-yə məktubu təşkilatın sənədi kimi yayılıb
Siyasət

Xarici işlər naziri Ceyhun Bayramovun BMT-yə məktubu təşkilatın sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətini davam etdirməsi, eyni zamanda, Azərbaycanın ərazisinə yeni minaların basdırılması ilə bağlı cari il avqustun 23-də BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubu qurumun Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş külli miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılır. Bu faktın Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır. Ermənistanın sözügedən üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub.

Məktubda, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz yaşayışı naminə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı bir dövrdə Ermənistanın qanunsuz hərbi fəaliyyətinin, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə, o cümlədən regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu ifadə olunub.

Üçtərəfli Bəyanatın imzalanmasından keçən müddətdə 232 nəfərin mina partlayışının qurbanı olduğu barədə faktlar məktubda təqdim edilir.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

undocs.org/A/76/930.

AZƏRTAC