Xarici işlər naziri Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
SİYASƏT

Xarici işlər naziri Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Avqustun 31-də xarici işlər naziri Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şahı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov 28 ildir ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi bir mərhələdə ölkəmizdə fəaliyyət göstərən Samr Şaha gələcək işlərində uğurlar arzulayıb, habelə Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyinin yeni rəhbəri ilə də faydalı və məhsuldar əməkdaşlığın həyata keçiriləcəyinə inam ifadə edib.

Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işlərdən məmnunluqla danışıb, bununla bağlı xoş xatirələrini bölüşüb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC