Xaricdə yaşayan soydaşlarımızla birlik nümunəsi
Diaspora

Xaricdə yaşayan soydaşlarımızla birlik nümunəsi

Azərbaycan öz xalqına, millətinə göstərdiyi qayğı ilə fərqlənən ölkələrdəndir. Dövlətimiz istər ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı ilə yanaşmışdır. Xaricdə yaşayan azərbaycanlıların vətən ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, eləcə də soydaşlarımız arasında birliyin və həmrəyliyin təmin olunması məqsədilə Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi də bunun təzahürüdür. Xüsusi vurğulamaq lazımdır ki, belə bir mötəbər tədbirin keçirilməsi ilə bağlı ilk təşəbbüs Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Bu günə qədər 2001, 2006, 2011, 2016 və 2022-ci illərdə, ümumilikdə 5 qurultay keçirilmişdir.

Tədbir ilk dəfə 2001-ci il, 9-10 noyabr tarixlərində Ulu öndərin "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncamına əsasən keçirilmişdir. Qurultay çərçivəsində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri təyin edilmişdir. Tədbir xaricdəki soydaşlarımızın vahid azərbaycançılıq ideyası ətrafında birləşməsində əhəmiyyətli rol oynamış, qurultayda diaspor hərəkatının yeni mərhələsi hesab olunan quruculuq və təşkilatlanmanın təməlini qoymuşdur. İlk dəfə təşkil olunan tədbirin ən vacib məqamlarından biri də məhz Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması idi. Bu qurum diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etmiş, sözügedən istiqamətdə prioritetləri və hüquqi prinsipləri müəyyənləşdirmək məqsədilə 2002-ci ilin dekabrında "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olunmuşdur.

İkinci qurultay Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən həmin il mart ayının 16-da Bakıda keçirilmişdir. Dövlətimizin başçısı həmin qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Bu, həmçinin diaspor quruculuğu prosesindəki təqdirəlayiq addımlardan biri kimi qiymətləndirilmişdir. Tədbir çərçivəsində - Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (UNESCO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri kimi bir sıra vacib sənədlər qəbul olunmuşdur.

Dünya Azərbaycanlılarının üçüncü Qurultayı isə 2011-ci il 5-6 iyul tarixlərində "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" ölkə başçımızın 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən Bakıda keçirilmişdir. Bu tədbir çərçivəsində də bir sıra mühüm qərarlar qəbul edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, tədbirdə ölkəmizin fərqli bölgələrindən olan nümayəndələrlə yanaşı, dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar da iştirak etmişdir. Qurultaya, ümumilikdə 13 ölkənin parlamentindən 37 deputatın qatılması tədbirin təkcə regionda deyil, eləcə də beynəlxalq aləmdəki nüfuzunun göstəricisi idi. Qurultayda xatırlatmalı digər vacib məqamlardan biri də Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ idi. Nəticədə Prezident İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilmişdir.

2016-cı il 3-4 iyun tarixlərində baş tutan və sayca dördüncü olan qurultayda xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də daxil olmaqla, ümumilikdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. Bununla yanaşı, tədbirə respublikamızın müxtəlif dövlət və hakimiyyət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların nümayəndələri də qatılmışlar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qurultayın açılış mərasimi zamanı səsləndirdiyi fikirlər tədbirin dünya azərbaycanlılarının həyatındakı müstəsna rolunu bir daha təsdiqləmişdir. Ölkə başçımız demişdir: "...Bu gün IV Qurultayın açılışı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik etmək istəyirəm. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq. Bildiyiniz kimi, birinci Qurultay ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır. Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər...". Tədbirdə, həmçinin gənclər, informasiya müharibəsi kimi mövzularda müzakirələr də aparılmışdır. Qurultay çərçivəsində ölkə başçımız yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.

2022-ci il 22-23 aprel tarixlərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə digərlərindən fərqlənir. Çünki qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutmuşdur. Prezident İlham Əliyevin tədbirdə çıxışı zamanı söylədiyi fikirlər bu günədək bütün qurultaylardakı haqq səsimizin qələbəsi olmuşdur: "Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq".

Dünya Azərbaycanlılarının V Qurultayının məhz mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutması tarixi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, dünyanın dörd bir yanından olan soydaşlarımız Qarabağda bir araya gəlmişlər.

Nəzrin ELDARQIZI,

"Respublika".