Xalqının BƏXTİYARI
Tarixi şəxsiyyətlər

Xalqının BƏXTİYARI

İnsandır hər şeyi mənalandıran,

Saat nə gərəkdir zaman olmasa.

Bir dağın, bir çayın gözəlliyini,

Söyləyin, kim duyar insan olmasa.

Bəxtiyar Vahabzadə poeziyası. Hissi idrakla məntiqi idrakın poeziyası! Böyük şair poeziyamıza intellektual yaradıcılıq üslubu gətirib və bu üslub bədii-fəlsəfi təzadların poeziyası kimi fərdilik qazanıb. Sənət məramına çatmaq təşnəsi ilə poetik axtarışlar aparan sənətkar hər dəfə nail olduğu yerdən - hər poetik mətndən yanğıyla nəfəs götürüb. Bəxtiyar Vahabzadə poeziyası dinclik bilməyən, yürüşdə olan, ehtiraslı və əzəmətli poeziyadır! Vaxt, zaman və sürət Bəxtiyar Vahabzadə poeziyasının məhək daşıdır. İnsan bu zamanın fəlsəfəsində gözəllik və əqidə mücəssəməsidir!

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuş, 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı şeirlə başlamış, o zamandan dövri mətbuatda şeir və elmi məqalələrlə çıxış etmişdir. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1964), Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). AMEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000), 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin və Ağsaqqallar Şurasının da üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmiş, 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız iki ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

2009-cu il fevral ayının 13-də, 83 yaşında Bakıda vəfat etmişdir.

1960-cı illərin poeziyasında Bəxtiyar Vahabzadənin yaradıcılıq fərdiyyəti kamilləşib, poeziyasında ideyalılıq və sənətkarlıq axtarışları güclənib... Onun şeirlərinin başlanğıcı, davamı və sonu - təkamül mətni vardır ki, bədii təzad bunların qida mənbəyini təmin edib. Şairin əksər şeirlərində bir fərdi ideya qavrayışı olub ki, ədəbi-tənqid bunu "ikinci səs" adlandırıb.

Bəxtiyar Vahabzadənin 1950-ci illərdən başlayan məhəbbət şeirləri ruhən doyumsuzluğun ifadəsi olub poetik "Mən"i haldan-hala salıb, onu bəzən sərt, bəzən mülayim, bəzən məmnun, inkarçı, müdrik, adi, bəzən də filosof, sadəlövh edib. Onun məhəbbət şeirləri duyğu və həyəcan, fikir və düşüncə, fəlsəfə və əxlaq şeirləridir...

Şair Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib. Sənətkarın bədii təsvir obyektlərindən biri Cənubi Azərbaycan, bütöv Vətən ideyası, idealı olub. Şair bu mövzunu 1950-ci illərdən başlayıb və yaradıcılığının bütün mərhələlərində davam etdirib. Bəxtiyar Vahabzadənin Cənub mövzularının ("Sökün çəpərləri", "Məktublar", "Şəhriyara", "Şair - vətən", "Ustad Şəhriyarın S.Rüstəmə göndərdiyi məktubuna cavab", "Cavab", "Həsrət", "Səhəndə məktub") konkret qaynaqları olub.

Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutub. Şair 1950-2000-ci illərin şeirlərindən olan "Ana və şəkil", "Ana türbəsi", "Ana", "Körpə nəfəsi", "Lay-lay", "Doğum evində", "Ana dili", "Ana hədiyyəsi", "Ana və balalar", "Mənim anam", "Ekran qabağında", "Anama giley", "Şəhid anası", "Ana birsə", "Mənim ana dilim", "Anam öldümü", "Anam təzədən böyüyür", "Anam haqqında şeirlər", "Ana dedim, qarşımda bir gözəl səhnə açıldı" və başqalarında anaların və doğma dilimizin ehtizazlı bədii obrazını yaradıb:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək!

Yaşar Qarayev yazırdı: "Bəxtiyar Vahabzadə psixologizminin min bir poetik halı var - duyğu, qavrayış, təsəvvür onun poetik idrakının hissi təzahürləri olub, bu da məntiqi idraka - mənəvi-əxlaqi və fəlsəfi-estetik dəyərlərin doğulmasına zəmin yaradıb. Ümumən, insanın mənəvi-əxlaqi aləminə nüfuz Bəxtiyar Vahabzadənin uğurlu "səyahətidir".

Vətən, torpaq, tarix, Azərbaycan, millilik və bəşərilik Bəxtiyar Vahabzadə vətənpərvərliyinin, humanizminin cövhəridir. Onun insanı yanar ürəyə, sevən qəlbə malikdir. Şairin "Şəbi-hicran"da dediyi kimi:

Məncə, can yanğısıdır şeir, sənət, a dostlar.

Kimin ki, ürəyində bir yanğı var, bir od var,

O dərk edər sənəti,

İnsan məhəbbətidir yaradan hər sənəti...

Türk dünyası mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığının əsas mövzusunu təşkil edir. 1970-1990-cı illərdə yazdığı "Türküstan, Türküstan", "Yunus İmrə", "İstiqlal nəğməkarı", "Əhməd Cavad", "Böyük türkçü", "Sənət sənət üçündür, yoxsa xalq üçün", "Ey qocaman Türkiyə" adlı məqalə və məktublarında, habelə poetik əsərlərində şair turançılıq, türkçülük və azərbaycançılıq baxışlarını, o cümlədən Azərbaycan-Türkiyə dostluq əlaqələrini təcəssüm etdirib:

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Dövlət, bayraq və istiqlal mövzuları B.Vahabzadənin 1990-cı illərdə yazdığı məqalə, müsahibə və şeirlərində də ifadə olunub. Şair 1960-1990-cı illərdə "Bayraq qalxdı", "Xalqın səsi", "Əgər qorunmasa istiqlalımız", "Vətən məcnunluğu", "Vətən var", "Biz Vətənçün doğulduq", "Azərbaycan", "İki bayraq", "Bayraq", "Atatürk" şeirlərindəki həmin mövzuları 2000-ci illərin şeir və poemalarında da davam etdirib.

Həyatın keşməkeşlərindən, çətin sınaqlarından, siyasi burulğanlardan üzüağ çıxan Bəxtiyar Vahabzadə poeziyası... Onun lirik "Mən"i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın - zaman və insan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Dünyaşöhrətli sənətkar və araşdırıcı, ictimai xadim Oljas Süleymenov yazırdı: "Bəxtiyar Vahabzadə bütün ölkədə tanınan və seçilən bir şairdir. Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, xalq şairidir, laureatdır. Onun ən böyük mükafatı elə xalqın sevgisidir".

Zümrüd QURBANQIZI,

"Respublika".