Xalqın, Vətənin taleyi ilə yaşayan tarixi şəxsiyyət
Siyasət

Xalqın, Vətənin taleyi ilə yaşayan tarixi şəxsiyyət

Bir insan şəxsiyyətinin xalqın düşüncə və ideologiyasına nə dərəcədə təsir etdiyi barədə mütəfəkkir və filosofların müxtəlif yanaşmaları mövcuddur. Ümumi qənaət bundan ibarətdir ki, həmin şəxsiyyətlər xalqının çoxəsrlik tarixi boyunca düşüncələrdə mövcud olanları, dövrünün çətinliklə dərk edilən ideyalarını aydın və dəqiq ifadə edirlər. Cəmiyyət üzərində isə sözlər deyil, yalnız ideyalar möhkəm hakimiyyətə malik olduğundan ideya daşıyıcıları strateji məqsədlərə nail olmağın mümkünlüyünü də sübut etməyə qabil olmalıdır. Bəllidir ki, ideyalar güclü, ədalətli və bəşəri hisslərlə yaşayan insanların - liderlərin əqli və qüvvəsi ilə həyata keçirilməlidir. Əks halda, o, xəyaldan başqa bir şey olmayacaqdır. Əsl liderlər konstruktiv adamların xüsusi bir zümrəsi olmaqla öz işlərində sırf şəxsi prinsipləri əldə rəhbər tutmur, kütlələrin zəif cəhətlərini, həqiqət haqqında anlayışlarını, sədaqətlərini nəzərə alır, mövcud şəraitə uyğunlaşdırmağı bacarırlar.

Əvvəlki tərəqqinin əldə etdiklərinin və böhran mühitində yaranan yeni ideyaların şübhə altına alınması fikri inkişafın əsasını təşkil edir. Hakimiyyət strukturlarında isə cəmiyyətin inkişafa yeni nəfəs vermək qabiliyyətinə malik düşünən insanları - liderlər həlledici mövqe tutan güclü insanlar olur. Liderlə xalqın qarşılıqlı münasibət sistemi özü önəmli maraq kəsb edir. Siyasi liderlər hakimiyyətdən özləri üçün deyil, yaratdıqları əqidə naminə istifadə edərək ölkəsinin inkişafı, gələcək nəsillər naminə öz siyasi məkanında işləməkdən zövq alırlar. Görkəmli liderlər zəmanəsinin fövqünə yüksəldikcə biliklərin, məqsədlərin hərtərəfli, son dərəcə üstün səviyyəsini müəyyənləşdirməklə bunları özündən sonra gələn liderlər üçün də zərurətə çevirir. Bu qəbildən olan liderlər insanlara çox yaxındır, doğma ölkəsini uğurlara aparan yolları bilir, bu barədə konstruktiv ideyalarla zəngindir və qarşıdakı məqsədlərə doğru həyati maraqlar sistemini nəzərə almaqla xalqla birlikdə gedir.

Parlaq şəxsiyyətli liderlər dövründə konsepsiya da liderin özü kimi o qədər parlaq, müstəqil və güclü olur ki, onların siyasət və psixologiyası bütöv ölkənin siyasət və psixologiyasına çevrilir. Lider olmayan cəmiyyətlərdə və lidersiz dövrlərdə isə xalq adətən praqmatik siyasətçiləri irəli çəkir, onların arxasınca gedir. 1988-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr də bunu təsdiq etdi.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi-siyasi yüksəliş xalqa və ölkəyə rəhbərlik edən liderlə sıx bağlıdır. Xalqımızın daxili zənginliyi, yüksək dərəcədə dözümlülüyü, sabitliyi və inkişaf xüsusiyyətləri daxili strukturları ilə əlaqədardır. Hətta keçmiş Sovetlər İttifaqında belə regionumuzun əhəmiyyətini və xüsusiyyətlərini nəzərə alaraq rəhbər şəxslərin dinamik, işgüzar, istedadlı olmasına xüsusi fikir verilirdi. Liderin özünün məhsuldar proqramı, öncəgörmə intuisiyası və hissetmə qabiliyyəti olduqda onun fəaliyyətində gələcək hadisələrin əks-sədası duyulur.

Azərbaycanın çoxmillətli tərkibi, geosiyasi vəziyyəti, bəzi qonşu ölkələrin təzyiqi, təsərrüfatının, iqtisadiyatının inkişafı liderdən hərtərəfli dünyagörüş, dərin bilik dairəsinə malik olma, daxilən mütəşəkkillik tələb edir. Belə olduqda siyasi fəaliyyət əmsalı və ya siyasi impakt faktoru xüsusilə yüksək olan lider lazımi vaxtda qeyri-adi qərarlar qəbul edə bilir. Nəzərə alsaq ki, Azərbaycan nadir məmləkətlərdəndir ki, xalqının qan yaddaşında min illərin dövlət və dövlətçilik rüşeymləri vardır. Bunları nəzərə almadan hansısa ölkənin dövlət quruluşunu, idarə edilməsi qaydalarını olduğu kimi təkrar etmək qeyri-mümkündür.

Siyasətçi liderin tarixi şəxsiyyətə çevrilməsi üçün insanların şüurunda mövcud olan düşüncələri, fikirləri aşkara çıxarmağı, onları dəqiq formalaşmış ideyalar şəklində əsrin, gələcəyin ideyası kimi təqdim etməyi bacarmalıdır. Dünya təcrübəsi də göstərir ki, tarixi şəxsiyyətlərin ictimai şüura təsiri bəzən o qədər böyük olur ki, nəticədə sivilizasiyada dönüş baş verir. Tarixi şəxsiyyətləri siyasətçi liderlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də ideyaların həyata keçirilməsi metodlarının düzgün müəyyənləşdirilməsi ilə kütlənin və müxalif olanların müqavimətini zəiflədə bilməsidir. Həmçinin yalnız növbəti seçkilər haqqında deyil, gələcək nəsillər barədə düşünən siyasətçi liderlər tarixi şəxsiyyətə çevrilə bilirlər.

Heydər Əliyev şəxsiyyətinin müdrikliyinin bir əlaməti də optimal zaman və məkanda güzəştə getmək qabiliyyətidir. Doğrudan da, "Əsrin müqaviləsi" kimi beynəlxalq layihələrin həyata vəsiqə alması, öz siyasi xəttini yeritmək mahiyyətindən çıxış edərək böyük və ali maraqlar naminə kiçik və cari maraqlarda qarşı tərəfə güzəşt etmək taleyüklü, həlledici məsələlərdə israrlı olmaqla, xırda və ötəri məsələlərdə müvəqqəti yan keçməyi bacarmaq qabiliyyətidir.

Azərbaycanda qədim tarixə malik dövlətçilik ənənələri dəfələrlə qırılmış, yenidən bərpa edilmişdir. Həmin dövlətçiliyin ayrı-ayrı məqamları, təzahürləri, vahid və böyük bir tarixi prosesin hissələri isə Azərbaycan ərazisindəki qədim dövlətlər, imperiyalar, xanlıqlar, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası olmuşdur. Tarixin müxtəlif dövrlərində yaranmış və müəyyən müddətdə fəaliyyət göstərmiş dövlət qurumları arasında bilavasitə tarixi varislik olmasa da, milli-mənəvi, mədəni varisliyin olması dövlətçilik ənənələrinin bütöv proses kimi dəyərləndirilməsinə imkan verir. Məhz ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın möhkəmləndirilməsi ilə yanaşı, dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi, tarixi şüurumuzun bərpa olunması sahəsində məqsədyönlü iş apardı. Bir sözlə, dövlət quruculuğu ilə yanaşı, dövlətçiliyin inkişafı sahəsində xüsusi xidmətlər göstərdi. Bununla əlaqədar olaraq ulu öndər yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində deyib: "XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır". Doğrudan da, XX əsrin əvvəllərində milli özünüdərk istiqamətində böyük addımlar atılsa da, milli dövlətimizin fəaliyyət dövrü çox qısa olduğundan dövlətçilik şüuru formalaşa bilmədi. Ötən əsrin sonunda yenidən müstəqillik əldə etdikdən sonra ilkin olaraq yenə də etnik-milli şüurun inkişafı müşahidə olundu. Dövlətçilik ənənələri zəiflədiyindən siyasi özünüdərk və dövlətçilik şüurunun bərpası daha çətin və ləng həyata keçirdi.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da çoxlu etnik qruplar olduğundan dövlətçilik şüuru inkişaf etmədən, dövlətçiliyə adekvat olan millətçilik geri qala-qala etnik-milli hisslərin qızışması daha çox ziyan gətirirdi. Həmin dövrdə hakimiyyətdə olanların çox böyük qəbahətli addımları hamımıza yaxşı məlumdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş Sovetlər İttifaqından ayrılaraq müstəqil dövlət olmaq şansı qazananda hadisələr böyük sürətlə bir-birini əvəz etməklə fikirləri, düşüncələri belə qabaqlayırdı. Kortəbii gedən prosesləri heç olmazsa intuitiv qiymətləndirib istiqamət seçməyə qadir siyasi liderin olmamasına görə cəmiyyət özü də bütövlükdə hadisələrin kortəbii axarına düşmüşdü. Məhz bu səbəbdən də 1993-cü ildən sonra da ilk dövrlərdə əhali baş verən sürətli ictimai-siyasi prosesləri nəzəri səviyyədə belə düzgün dərk etmək iqtidarında deyildi. İndi həmin illərə yenidən nəzər saldıqda hadisələrin qanunauyğunluqla düzülməsinin, bir-birini tamamlamasının müəyyən bir nizama tabe olduğunun şahidi oluruq. Artıq fikir və düşüncələrin hadisələrin arxasınca süründüyünü deyil, onları qabaqladığını və onlara istiqamət verdiyini görürük. Bu isə böyük bir zəkanın mövcudluğundan və təsirindən qaynaqlanır.

Ötən əsrin sonlarında ulu öndər ali hakimiyyətə gələndə Azərbaycanda dövlət böhranı son həddə idi, dövlətsizlik şəraiti yaranmışdı və hər şeyi sıfırdan başlatdı. Məhz bu səbəbdən də müasir Azərbaycan dövlətinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanda sadəcə dövlət qurmaqla kifayətlənmədi, dövlətçilik ənənəsini formalaşdırdı, dövlətçilik ideologiyasını, psixologiyasını yaratdı. Dövlətçiliyin formalaşması təkcə bu günü deyil, gələcəyi, övladlarımızın sabahını düşünmək istəyi ilə bağlıdır. Həmin dövrün nəslinə xitabən ulu öndər demişdir: "Siz gələcək övladlarınızı, nəvələrinizi də düşünməlisiniz ki, onlar necə yaşayacaqlar... Bu bizim hamımızın vəzifəsidir". Görkəmli dövlət xadimi U.Çörçillin bir fikrini xatırlamaq yerinə düşər: "Siyasətçi növbəti seçkiləri, əsl lider isə gələcək nəsillər barədə düşünür".

Heydər Əliyev siyasətə iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən fərqli, müstəqil müstəvidə yanaşmırdı. Onun bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması bütün siyasi kursu, təhlükəsizlik, ordu quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, xarici siyasət və s. kompleks şəkildə həyata keçirməsinə imkan verirdi. Heydər Əliyevin siyasi gücü onun fərdi keyfiyyətləri, böyük siyasi təcrübəsi ilə yanaşı, haqq-ədaləti müdafiə etməsində idi. Güc mərkəzlərinin regionda münaqişə tərəflərinin liderləri arasındakı "çəki" fərqini azaltmaq üçün də Ermənistan liderinə siyasi dəstək verməkləri bəlli idi. Məhz ulu öndərin qlobal siyasətdə ən böyük uğurlarından biri də regionun geosiyasi müstəvisində iqtisadi maraqların intensivliyini artırmaq, böyük güc dövlətlərini süni şəkildə formalaşdırılmış ermənipərəstlikdən uzaqlaşdıraraq iqtisadi maraqlar müstəvisinə cəlb etmək oldu. Azərbaycan haqqında həqiqətlər dünyaya çatdırıldı, yerli iqtisadiyyata böyük sərmayələr qoyulmasına nail oldu. Yalnız bundan sonra böyük dövlətlər ölkəmizdə stabilliyin təmin olunmasında maraqlı oldular. Lakin bəllidir ki, regionda sabitliyin dayanıqlı olmasının ən mühüm şərti cəlb olunduğumuz problemin həll olunması idi. Bu məqamda güclü beynəlxalq şirkətlərin maraqları, istəsələr də, istəməsələr də ölkəmizin maraqları ilə üst-üstə düşdü. Ulu öndərin böyüklüyü də bunda idi ki, dini və digər təəssübkeşliyi iqtisadi maraqlarla kompensasiya etməyə nail oldu. "Əsrin müqaviləsi"ndən başlayaraq bir-birini əvəz edən beynəlxalq neft-qaz layihələri də, "Qafqazda təhlükəsizlik paktı" da həmin dövrdə uzaqgörənliklə gələcəyə hesablanmış strateji planın müəyyən mərhələləri idi.

Güclü, stabil dövlətin olmasını məqsəd deyil, vasitə hesab edən Heydər Əliyevin ilk növbədə ölkəmizdə qanunçuluğu, asayişi və əmin-amanlığı bərpa etməsi də hakimiyyətinin ən böyük uğurlarındandır. Güclü dövlətin olması isə vətəndaş cəmiyyətinin formalaşması, demokratikləşmənin dərinləşməsi, cəmiyyətin bütün sferalarında fikir plüralizmi, söz və mətbuat azadlığının təmini üçün ilkin şərtdir.

Hakimiyyətinin ilk illərində mühafizəkar qüvvələrin mövqeyini tənqid edərək müasir, hüquqi dövlət quruculuğu naminə islahatların aparılmasının əhəmiyyətini qeyd etməklə inqilabi dəyişikliklər vasitəsilə islahat yox, islahatlar vasitəsilə inqilabi dəyişikliklər yaratmağın tərəfdarı olduğunu bildirmişdi. Unikal bir şəxsiyyət olan Heydər Əliyev fenomeni şəxsi həyatda və siyasi fəaliyyətdə mövcud olan aspektlərin vəhdətindən ibarətdir: qeyri-adi intuisiya, güclü məntiq, mahir natiqlik məharəti, fenomenal yaddaş, rasional düşüncə, səmimi zəhm və s. Bütün bu keyfiyyətləri özündə ehtiva edən şəxsiyyətin müxtəlif bilik və fəaliyyət sahələrində mütəxəssislərlə yüksək ranqlı söhbətləri, fikir mübadiləsi, polemika etmək səriştəsi həm də onun daxili zənginliyinin əlavə təzahürləridir. Böyük maraqları kiçik maraqlardan, mühümü qeyri-mühümdən, çətin mümkün olanı heç mümkün olmayandan seçə bilmək bacarığı da böyük dövlət xadimlərinə xas olan xüsusiyyətlərdəndir.

Xalqımızın ağsaqqallıq, böyüklük, liderlik təsəvvürləri ulu öndərin Azərbaycanın tarixi, elmi, mədəniyyəti ilə bağlı geniş biliyə malik olması, dövrünün böyük alimi, mütəfəkkiri, habelə ədəbiyyat və sənət bilicisi, ictimai-siyasi və fəlsəfi təfəkkür sahibi olması ilə bir-birini tamamlayır. Buna görə də Heydər Əliyevin çıxışları fəlsəfi müddəalarla, müdrik kəlamlarla zəngin idi. Bunların əsasında hazırlanan "Aforizmlər" kitabı da bu baxımdan çox əhəmiyyətli və dəyərlidir.

Gücün optimal istifadəsi müdrikliyin verdiyi şans kimi dəyərləndirildiyindən mümkün olmayan işlərə hədər güc sərf etməməklə mövcud potensialdan daha səmərəli istifadə etmək olur. Öz biliyini, bacarığını düzgün qiymətləndirə bilmək istedadı heç də hamıya nəsib olmur. Həmçinin öz savad və qabiliyyətinin hüdudlarını, həm də gerçəkliyi, situasiyanı düzgün qiymətləndirməsi insanın nadir istedadır. Çətinlik dərəcəsindən asılı olmadan bütün səyləri məhz həlli mümkün problemlərə yönəltmək, iradə nümayiş etdirməklə mövqeyindən dönməmək, israrlı olmaq ümummilli lider Heydər Əliyevin spesifik xüsusiyyətlərindəndir. Dünya elmində böyük kəşfləri ilə xatırlanan İ.Nyutonun - "Dahilik müəyyən səmtə yönəlmiş fikrin dözümlüyüdür" fikrini Heydər Əliyevə şamil etsək, təkcə fikrin deyil, məqsədyönlü, ardıcıl səylərin dözümlüyünü də qeyd etmək yerinə düşərdi. Məsələn, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin beynəlxalq səviyyədə olan çətinliklərə, qlobal müqavimətlərə baxmayaraq, sonda reallaşması Heydər Əliyevin məqsədyönlü mövqe ardıcıllığı və əzmkarlığı ilə bağlı idi. Təsadüfi deyildir ki, bunu BP şirkətinin prezidenti Con Braun da etiraf etmişdir. O qeyd edirdi ki, sərmayə qoymaq istəyən hər kəs üçün regional sabitliyin olması əsas şərtdir. Eyni zamanda, regionda lazım olan və çox mühüm olan sabitliyi formalaşdırmaq və möhkəmləndirmək üçün Heydər Əliyevi öz nüfuzundan istifadə etməyə dəvət etmişdi. Bu da təsdiq edir ki, yeni dövlət quran Azərbaycanda da liderin nüfuzu, beynəlxalq şöhrəti əlavə impuls idi.

1988-1993-cü illərdə ölkədə gərginləşmiş münasibətlər sisteminin nizama salınması, çıxış yolunun tapılması ümidsiz görünürdü. Lakin müdrik xalqımızın həlledici məqamlarda təbii seçimi sayəsində öz dahi rəhbərini hakimiyyətə dəvət etməsi xaotik vəziyyətin, hadisələrin gedişatını dəyişərək idarə olunan məcraya yönəltməyə nail olundu. Sabitlik əldə olunduqdan sonra bəzi "siyasətçi"lər belə böyük tarixi xidməti kiçiltmək, liderin, tarixi şəxsiyyətin rolunu etiraf etməmək üçün - "onun nüfuzu bizdə olsaydı", "onun təcrübəsi bizdə olsaydı" və s. kimi ifadələrlə özlərinə bəraət qazandırmağa çalışırdılar. Unudurdular ki, hər bir xalq bəlli dövrlərdə məhdud sayda tarixi şəxsiyyət yetişdirə bilər. Buna bəzən əsrlər də kifayət etmir. Həmçinin geniş siyasi təcrübənin qazanılması da böyük zaman və xüsusi siyasi şərait tələb edir. Təcrübə istedadla birlikdə olanda müəyyən vərdiş və ictimai-praktik fəhm formalaşdırır. Bu isə operativ və qəti qərarlar qəbul etməyi, təhlil edilməklə analiz-sintezi uzun müddət tələb edən qarışıq situasiyalarda öz intuisiyasına istinad edərək düzgün yol seçməyi bacaran Heydər Əliyevə xas olan keyfiyyətlərdir. Burada İsveç mütəfəkkiri və filosofu Anri Frederikin bir fikrini yada salmaq yerinə düşərdi: "Başqaları üçün çətin olan işi asanlıqla görən insan istedadlıdır. İstedadlının görə bilmədiyi işi görən insan dahidir".

Xaosda nizam yaratmaq, hadisələrin artıq güc müstəvisinə keçmiş axarını dəyişdirərək yenidən siyasi müstəviyə döndərmək tarixdə ancaq nadir şəxsiyyətlərə qismət olan müdriklik nümunəsidir. Bunun əksinə olaraq, siyasi qarşıdurmaların güc müstəvisinə keçməsinə, silahlı münaqişə və müharibələrə gətirib çıxarmasına tarixdə istənilən sayda nümunələr mövcuddur. Yenə də inkişaf və tənəzzülün ilkin təməli "ağılmı gücü", yoxsa "gücmü ağılı" istiqamətləndirir sualı ilə şərtlənir. Bu barədə Ulu Öndər örnək olan fikrini konkret belə ifadə etmişdir: "Ağıl olan yerdə zora ehtiyac yoxdur".

Ötən əsrin sonlarında ulu öndər ali hakimiyyətə gələndə Azərbaycanda dövlət böhranı son həddə idi, dövlətsizlik şəraiti yaranmışdı və hər şeyi sıfırdan başlatdı. Məhz bu səbəbdən də müasir Azərbaycan dövlətinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanda sadəcə dövlət qurmaqla kifayətlənmədi, dövlətçilik ənənəsini formalaşdırdı, dövlətçilik ideologiyasını, psixologiyasını yaratdı.

1993-1995-ci illərdə ağlın gücə, zora necə qalib gəldiyi əksəriyyətimizin gözü önündə baş verdiyindən hadisələrin təfsilatına varmağa lüzum yoxdur. Həmin dövrlərdə situasiya özü standartlardan o qədər kənar, xaotik, idarəolunmaz hala gəlmişdi, elə bir tarixi, ictimai-siyasi şəraitə qədəm qoymuşdu ki, bəlli inkişaf qanunauyğunluqlarına əsasən fəaliyyət göstərmək üçün sadəcə bilikli olmaq, yüksək təfəkkür mədəniyyəti, siyasi təcrübə liderə yetərli deyildi. Qeyri-adi, şablondan kənar təfəkkür sahibi olan insanın ekstraordinar qərarlar qəbul etməsi mütləq idi. Bu əlamətləri isə xalq Heydər Əliyevdə görürdü.

Başqa sözlə, bəlli idi ki, ulu öndər tərəfindən daxil olduğu münasibətlərdə qarşı tərəflərin maraqlarını əvvəlcədən öyrənməklə milli maraqları alt qatda saxlanılır, sonrakı praktiki reallaşma müstəvisinə keçiddə prosesin kontekstinə üzvi surətdə daxil edilir. Yəni proseslər adi şüurun gözü ilə görünməyən dərin qatlardan idarə edilir. Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi, İpək Yolunun bərpası ideyası kimi qlobal işlərin əsaslandırılması üçün müxtəlif auditoriyalarda keçirilən görüşlər bu cəhətdən çox ibrətamiz idi. Belə ki, ümummilli liderin təcrübəsi, istedadı, ictimai-praktik fəhminin formalaşdırdığı özgüvən əsasında bu ideyaların reallaşmasına olan inam o qədər güclü idi ki, onun həm Qərb, həm də Şərq ölkələrinin milli maraqlarına uyğun olduğuna istinad edir, böyük dövlətlərə, super güclərə ideya verirdi. Böyük vəsaitlər, gərgin işlər, əmək tələb edən qlobal layihələr həyata keçirilməyə başladıqdan, dönməz prosesə çevrildikdən sonra Azərbaycanın maraqlarının təmini de-fakto reallaşmış olurdu.

Heydər Əliyev şəxsiyyətinin müdrikliyinin bir əlaməti də optimal zaman və məkanda güzəştə getmək qabiliyyətidir. Doğrudan da, "Əsrin müqaviləsi" kimi beynəlxalq layihələrin həyata vəsiqə alması, öz siyasi xəttini yeritmək mahiyyətindən çıxış edərək böyük və ali maraqlar naminə kiçik və cari maraqlarda qarşı tərəfə güzəşt etmək taleyüklü, həlledici məsələlərdə israrlı olmaqla, xırda və ötəri məsələlərdə müvəqqəti yan keçməyi bacarmaq qabiliyyətidir. Konkret desək, fəaliyyətini cari və gündəlik hadisələr əsasında deyil, regional-beynəlxalq tendensiyalar əsasında qurmaq son məqsədin əldə olunmasına yönəldilmiş mürəkkəb, çoxpilləli proqramlar müəllifi Heydər Əliyevi səciyyələndirən ən mühüm cəhətlərdən biridir. Gerçəkliyin müxtəlif rakursları arasında əlaqəni aydın görən Heydər Əliyev dühası sayəsində ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi sahələrdə islahatlar növbəli şəkildə deyil, kompleks şəkildə həyata keçirildi. Nəticədə tanınmış xarici şirkətlərlə bağlanmış müqavilələrin də siyasi əhəmiyyətə malik olmaqla öncədən düşünülmüş coğrafi-siyasi planların tərkib hissəsi olduğu illər sonra əksəriyyət tərəfindən dərk edildi.

Bütün bunlar bir daha təsdiq edir ki, ulu öndər taleyin qismət etdiyi bütün məziyyətlərdən, bilik və qabiliyyətlərdən öz şəxsi məqsədləri üçün deyil, millət və xalq yolunda istifadə etməklə milli tərəqqinin aparıcı qüvvəsinə çevrildi.

Hümbət MUSAYEV.