Xalqın qəlbində əbədiyaşar Lider
Siyasət

Xalqın qəlbində əbədiyaşar Lider

"Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırkı nailiyyətlərinin əsasını ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Yaxın tariximizə diqqət yetirdikdə görürük ki, ümummilli lider Heydər Əliyevin bütün həyat fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!", - deyən ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövrünə nəzər saldıqda yalnız və yalnız dövlətinə, xalqına bağlılığını, sevgisini görmək mümkündür.

Mənalı ömrünü Vətənimizdə qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində mühüm geostrateji ölkə kimi dünyanın Azərbaycana diqqəti daha da artdı. Bu müdrik insanın, Qafqazda sülh ideyasının alovlu təbliğatçısının gərgin səyləri və qətiyyətli mövqeyi sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqlarının bərqərar olmasına nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı, ölkəmizdə sülh və asayiş bərqərar oldu.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdana, yəni 1993-cü ilin iyun ayına qədər Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Xalq öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyət vəziyyəti daha da gərginləşdirirdi. Ermənilər torpaqlarımızı, şəhər və kəndlərimizi işğal edir, qətl və qarətlər törədirdilər. Daxildə olan xəyanətkarlar isə yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə düşmən dəyirmanına su tökür, ölkədə sabitliyin yaranmasına mane olurdular. Radikal müxalif dairələr xaricdəki ağalarına xidmət etmək üçün bir-biri ilə bəhsə girmişdilər. Şəhər və rayonlarda silahlı dəstələr hökmranlıq edirdilər. Axşamlar atışma səslərindən insanlar evlərində rahat yata bilmirdilər. Çirkin yollarla qazanc əldə edənlərin sayı artmışdı. Xalq qorxu və vahimə içində yaşayırdı.

Ölkəyə, ayrı-ayrı rayonlara rəhbərliyi ələ keçirmiş bir qrup vəzifəpərəst xəyanətkarlar xalq malına zəli kimi daraşmışdılar. Talançılıq baş alıb gedirdi. Xalq ümidsizlik və təlaş içində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricdəki əleyhdarları ölkə daxilindəki qüvvələrlə birləşmişdilər. Yağı düşmənlərimiz olan ermənilər isə Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" yaratmaq planlarını addım-addım həyata keçirirdilər. Daxilimizdəki qüvvələr Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Qardaş qırğını təhlükəsi yaranmışdı. Bir sözlə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üzləşmişdi.

Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anda Azərbaycan xalqının yeganə ümidi ulu öndər Heydər Əliyev oldu. Xalqın nəzərləri öz sevimli oğluna, o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yönəlmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gəldi və xalq öz xilaskarını sevinclə qarşıladı.

Xalq ölkənin müstəqilliyinə qənim kəsilən və xaricdən idarə olunan qüvvələrin qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin ətrafında daha da sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini fədakarlıqla həyata keçirəcəyini bəyan etdi. Ulu öndər ilk bəyanatlarının birində deyirdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam".

Ümummilli lider Heydər Əliyevin bu fikirləri qısa zamanda reallığa çevrildi. Belə ki, ölkədə anarxiya və özbaşınalığın qarşısını alan ulu öndər yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də nizamlı və güclü ordu quruculuğuna başlamağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi.

İqtisadi problemlərin həllində ölkə üçün ən vacib amil ictimai-siyasi sabitliyin, sağlam sahibkarlıq mühitinin yaradılması idi. Belə olmasaydı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadi sahədə digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, dövlət mülkiyyətinin ədalətlə özəlləşdirilməsi, özəl sektorun inkişafı mümkün olmazdı. Heydər Əliyev haqlı olaraq deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir".

Dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, çoxsaylı beynəlxalq kontraktlar, o cümlədən "Əsrin müqaviləsi" imzalandı. Respublikada bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, bununla da Azərbaycanın iqtisadi inkişafına əsaslı zəmin yaranmaqla ölkəmizin beynəlxalq nüfuzu da yüksəldi.

Dövlətçilik siyasətinin başlıca mahiyyəti azərbaycançılıq məfkurəsi olan ulu öndər Heydər Əliyev müxtəlif dövlət strukturlarında işləyən vəzifəli şəxslərə rəsmi çıxışlarında da, müsahibələrində də bu məfkurənin tərkib hissələri kimi, milli mədəniyyəti, incəsənəti, rəngkarlığı, ədəbiyyatı xalqın dövlətçiliyə ehtiramı səviyyəsində inkişaf etdirilməsini tövsiyə edirdi. Dahi liderin ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinə qayğısı bütün məmurlara, ictimaiyyətə, o cümlədən gənclərə ən gözəl örnək idi.

"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir",-deyən ümummilli lider ölkədə gedən demokratik islahatlara, insan hüquqlarının qorunmasına böyük diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna xüsusi fikir verir, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Ümummilli lider müstəqillik dövründə hakimiyyətə qayıtdıqdan sonra da gənclər siyasətini diqqətdə saxladı. Bununla bağlı müvafiq sərəncamlar imzaladı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra özünümüdafiə batalyonlarının buraxılması, orduda vahid komandanlığın təmin edilməsi nəticəsində Silahlı Qüvvələrimizin nizami ordu kimi formalaşmasının başlanğıcı qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün tez-tez ön xətdə, səngərlərdə zabit və əsgərlərlə söhbət edir, onlara vacib tövsiyələrini verirdi ki, bunlar da öz təsirini göstərirdi. Ordu quruculuğunda Heydər Əliyev mərhələsi şəxsi heyətin döyüş qabiliyyətinin mənəvi-psixoloji hazırlıqla üzvi şəkildə tamamlanması kimi tarixləşdi.

Ulu öndərin o dövrdə apardığı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dövləti möhtəşəm xalq-ordu-Prezident birliyi ilə "Dəmir yumruq" əməliyyatı nəticəsində tarixi Qələbə qazanaraq 30 ildən bəri düşmən tapdağı altında qalmış ərazilərimizə nəhayət ki, sahib çıxmışdır. Bu baxımdan, Vətən müharibəsində qazanılmış tarixi Zəfər ilk növbədə, Heydər Əliyev ideologiyasının təcəssümü kimi dəyərləndirilməlidir.

Bəli, bugünkü gənc müstəqil Azərbaycan Respublikasında cəmiyyət həyatının istənilən sahəsindəki tərəqqiyə nəzər salarkən, mütləq həmin uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursunun prinsiplərini görürük. İslahatlar aparılmış, müasirləşdirilmiş və dünya təcrübəsi əsasında yenidən qurulmuş ədliyyə sistemimiz də məhz öz inkişafına Heydər Əliyev siyasi müdrikliyi sayəsində başlamışdır. Bu, bir tarixi faktdır. Ancaq o da faktdır ki, ədliyyə sistemimiz həm ötən əsrin 70-80-ci illərində, həm də ulu öndərin siyasi hakimiyyətə qayıtdığı 1993-cü ilin yayından 2003-cü ilin payızına qədər məhz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində inkişaf etmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafına xüsusi diqqət göstərir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir.

Zaman keçdikcə ideyaları qəlbimizdə əbədi yer alan Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti, təcrübəsi, siyasi irsi Azərbaycanı daha parlaq gələcəyə aparır. Heydər Əliyev irsi dövləti idarəetmə nümunəsi olmaqla yanaşı, həm də nəsillərə mənəviyyat örnəyidir.

Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin fiziki yoxluğundan illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur və onu daim qəlbində yaşadır.

 Natiq ABDULLAYEV,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Məhkəmə

Ekspertizası Mərkəzinin əməkdaşı.