XALQIMIZIN YADDAŞINDAN SİLİNMƏYƏN FACİƏ
Sosial həyat

XALQIMIZIN YADDAŞINDAN SİLİNMƏYƏN FACİƏ

20 Yanvar faciəsi xalqımıza qarşı törədilmiş bəşəri bir  cinayətdir. 70 il inandığımız və tərkibində yaşadığımız sovetlər birliyi 90-cı illərdə bir sıra respublikalarda, o cümlədən Azərbaycanda qanlı hadisələr törətməklə insanların müstəqillik arzularını boğmaq üçün bəşər tarixində görünməmiş qırğınlar törətdilər.

Dinc sakinlər gözləmirdilər ki, ağır hərbi texnikalar, istifadəsi qadağan olunmuş silahlar vasitəsilə sovet hökuməti öz vətəndaşlarını qətlə yetirsin. Həmin vaxtlar xalqımız sovet rejiminin buxovundan xilas olmaq üçün meydanlara çıxaraq heç bir təxribata yol vermədən nümayişlərə qatılırdılar.

O dövrlərdə Azərbaycanın səriştəsiz rəhbərləri tutduqları vəzifəni itirməmək üçün tərkibində çoxlu sayda erməni qaniçənləri olan qızıl ordunu guya asayişi pozanları sakitləşdirmək adı altında Bakıya dəvət etdilər.

Binaların damına çıxaraq özlərinə mövqe tutmuş, sovet ordusunun əsgərləri heç nəyə baxmadan insanları güllələyir, qarşılarına çıxan hər şeyi məhv edirdi.

Bakı şəhərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da fövqəladə vəziyyət elan olunmuşdur. Dinc əhaliyə fövqəladə vəziyyət elan olunması ilə bağlı məlumat verilənədək rus əsgərləri 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdır. Fövqəladə vəziyyət elan olunduqdan sonra da şəhərdə 21 nəfəri qətlə yetirmişlər. Bununla da kifayətlənməyərək qızıl ordunun azğınlaşmış əsgərləri 25 yanvarda Neftçalada, 26 yanvarda isə Lənkəranda daha 8 nəfəri vəhşicəsinə öldürmüşlər. Ümumilikdə 131 nəfər həyatını itirmiş, 744 nəfər ağır yaralanmış, 841 nəfər günahsız insan həbs olunmuş, 80 avtomobil, o cümlədən təcili tibbi yardım maşınları, 200 ev yandırıcı güllələrdən açılan atəş nəticəsində məhv edilmişdir.

Baş verən bütün cinayətlər M.Qorbaçovun tapşırığı və o dövrdə SSRİ müdafiə naziri postunu tutmuş Yazovun başçılığı ilə həyata keçirilmişdir. Öldürülənlərdən 6 nəfər rus, 3 nəfər yəhudi, 3 nəfər tatar, qalanları isə azərbaycanlılar idi.

Əsgərlər gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə etmişlər. O zaman əsl həqiqətlər xalqdan gizlədilirdi. Bu məsələyə demək olar ki, heç bir reaksiya verilmirdi. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev oradakı Azərbaycan nümayəndəliyinə gələrək xalqa başsağlığı vermiş və törədilən hadisəyə etirazını bildirmişdir.

20 Yanvar hadisəsi xalqımıza qarşı edilmiş hərbi və siyasi cinayətdir. Bu hadisələr sonralar bütün dünyada əks-səda doğurmuş, azadlıq sevən qüvvələrin dərin hiddət və qəzəbinə səbəb olmuşdur. Təəssüflər olsun ki, hadisədən sonra o zamanlar Azərbaycana rəhbərlik edən şəxslər istefa verməmişlər. Hətta onlar qətlə yetirilmiş günahsız insanların, şəhidlərin dəfnində belə iştirak etməmiş, xalqa başsağlığı verməmişlər. Bu hadisədən sonra Azərbaycan xalqı heç nədən qorxmadan, çəkinmədən azadlıq mübarizəsini davam etdirdi.

Azərbaycanın İstiqlal şairi Xəlil Rza Ulutürkün dediyi kimi:

 

Azadlığı istəmirəm,

Zərrə-zərrə qram-qram.

Qolumdakı zəncirləri,

Qıram gərək, qıram, qıram.

 

20 Yanvar hadisəsinə siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. 1994-cü il mart ayının 29-da Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentində "1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş faciəvi hadisələr haqqında" qərar qəbul edilmişdir.

Həmçinin,  ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə "20 Yanvar şəhidi" fəxri adı təsis edilmişdir. Bu gün 20 Yanvar şəhidlərinin hər birinin ailəsi, bu hadisədə əlil olmuş insanlar dövlət qayğısı ilə tam əhatə olunmuşdur. 20 Yanvar faciəsinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük əməyi olmuşdur. Onun səyi nəticəsində bir sıra ölkələrdə 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulmuş və hadisə ilə bağlı müxtəlif tədbirlər bu gün də keçirilir.

Qeyd etdiyimiz kimi, sovet ordusunun xalqımıza qarşı törətdiyi bu vəhşilik, insanlıqdan uzaq olan qəddarlıq xalqımızın azadlıq arzularını əlindən ala bilmədi. Hadisə zamanı şəhidlik zirvəsinə ucalan insanların xatirəsinə Bakının ən gözəl yerində salınmış Şəhidlər Xiyabanı xalqımızın and yerinə çevrilmişdir. Təkcə 20 Yanvar günü deyil, demək olar ki, hər gün Şəhidlər Xiyabanında insanları görmək olar. Yeni ailə quran gənclərimiz Şəhidlər Xiyabanında uyuyan məhəbbət simvolu olan İlham və Fərizənin məzarını ziyarət edirlər.

20 Yanvar faciəsi xalqımızın yaddaşından heç bir vaxt silinməyəcəkdir.

 Vəli VƏLİYEV,

"Respublika".