Xalqımızın xilaskarı, müstəqilliyimizin qarantı
Siyasət

Xalqımızın xilaskarı, müstəqilliyimizin qarantı

Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi xalqımızın böyük sevincinə səbəb olmaqla arzu və istəyini reallaşdırdı. Çünki xalqımız əbədi xilaskarının xatirəsini daim böyük ehtiramla yad edir, əziz tutur. Sərəncam imzalanan gün qeyri-ixtiyari olaraq ulu öndərin 1996-cı il aprelin 1-də Prezident sarayında Kəlbəcər rayon sakinlərinin nümayəndələri ilə keçirilən görüşünü xatırladım. Həmin tarixi görüşdə Prezident Heydər Əliyev bildirdi ki, Kəlbəcər rayonu əhalisinin nümayəndələri ilə mənim bugünkü görüşümün məqsədi birinci növbədə, respublikanın ayrı-ayrı yerlərində məskunlaşmış rayon sakinlərinin vəziyyəti ilə tanış olmaqdan ibarətdir. Son dərəcə səmimi və işgüzar şəraitdə keçən görüşdə real vəziyyət geniş müzakirə olundu və lazımi göstəriş verildi.

Ulu öndərin kəlbəcərlilərlə növbəti görüşlərindən biri 13 sentyabr 2002-ci ildə Goranboy rayonunda oldu. Bu görüşdə də dahi rəhbərimizin unudulmaz fikirləri yaddaşımızda dərin izlər qoyub. Görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan ulu öndər bildirdi ki, hesab edirəm ki, bu gün bizim görüşümüz çox səmərəli oldu. Bir tərəfdən Kəlbəcərin faciəsini xatirimizə saldıq. Bu faciəni heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət dərsi götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları, quldurları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Bunu unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır. Bu baxımdan, bugünkü görüşümüz çox əhəmiyyətlidir. Amma bu görüşün əhəmiyyəti eyni zamanda ondan ibarətdir ki, biz Kəlbəcərin işğaldan azad olunması üçün özümüzü daha da səfərbər edirik. Mən çox məmnunam ki, bu gün burada çıxış edənlərin hamısı yekdildir ki, əgər Kəlbəcər, eləcə də işğal olunmuş digər torpaqlarımız sülh yolu ilə azad edilməsə, biz gərək özümüzü hazırlayaq və torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edək. Bu barədə fikrim qətidir. Mən bu yolun yolçusuyam, bu yoldan dönməyəcəyəm.

Görüşdə səslənən bu müdrik fikirlər torpaq həsrəti ilə yaşayan hər birimizin ürəyinə məlhəm oldu və biz tam qətiyyətlə əmin olduq ki, hansı yolla olur-olsun torpaqlarımız işğaldan tam azad ediləcək. Çünki xalqımızın Heydər Əliyev kimi xilaskarı, müdrik dövlət xadimi, qətiyyətli prezidenti, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı olan ümummilli lideri var.

Ulu öndərin xalqımızın tarixində misilsiz xidmətləri son dərəcə böyükdür və hər birimizin yaddaşında əbədi olaraq qalacaq. Çünki müstəqil dövlətimizi 1918-ci il may ayının 28-də qursaq da, bu xoşbəxtliyi yalnız 1920-ci il aprelin 28-ə qədər qoruyub saxlaya bilmişik. Bu hadisələrin nəticəsi tarixdən hamımıza yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz - 1988-1990-cı illər də yaxşı yadımızdadır. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün itirilmiş müstəqilliyini bərpa etdi. Bu tarixi hadisə xalqımızın həyatında yeni bir dönüş nöqtəsi oldu. Biz yenidən azad və müstəqil şəraitdə yaşamaq, xalqımızın təbii sərvətlərindən maksimum faydalanmaq istəsək də müstəqilliyin ilk illərində təlatümlü, ağır, məşəqqətli günlər yaşadıq, ölkəmizdə xaos yarandı, iqtisadiyyatımız günbəgün tənəzzülə uğramağa başladı. Xalqımız 1991-1993-cü illərdə böyük çətinliklər, bəlalarla üz-üzə qaldı. Hətta müstəqilliyimizin itirilməsi və respublikamızın parçalanması təhlükəsi ilə üzləşdik. 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə bütövlükdə Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdi. Bu zaman güclü bir liderə ehtiyac yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalqımızın yeganə xilaskarı ulu öndər Heydər Əliyev oldu. Çünki xalq yaxşı başa düşürdü ki, onu belə bir çətin vəziyyətdən yalnız ömrü boyu Azərbaycanın tərəqqisi naminə məqsədyönlü işlər görən və xalqımızın bütün arzularını reallaşdıran Heydər Əliyev kimi bacarıqlı, təcrübəli, uzaqgörən, qətiyyətli rəhbər çıxara bilər.

Xalqımızın yekdil çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər bərpa edilmiş müstəqilliyimizi qorumaqla respublikamızın parçalanmasının qarşısını aldı və Azərbaycan tarixinin yeni bir inkişaf dövrünə qədəm qoydu. Bununla da xalqımız, dövlətçiliyimiz, müstəqilliyimiz xilas edildi, ölkəmizdə siyasi sabitlik bərqərar oldu və iqtisadiyyatın inkişafı üçün Dövlət proqramlarının icrasına başlanıldı. Məhz bu səbəbdən də haqlı olaraq vurğulamaq istərdik ki, müstəqilliyimizin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Dövlət müstəqilliyinin möhkəmlənməsi, ölkəmizin beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi, iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq durmadan yüksəlməsi və digər sahələrdə qazanılan bütün uğurlarımızın təməli ulu öndərin hakimiyyətə qayıdışından sonra qoyuldu.

Qaçqın və məcburi köçkünlərin sosial problemləri Heydər Əliyevi daim narahat etdiyindən dəfələrlə çadır şəhərciklərinə gedərək onların yaşayış şəraiti ilə yerindəcə tanış olur, müvafiq göstəriş və tapşırıqlarını verirdi. Məcburi köçkünlərlə görüşlərinin birində ulu öndər demişdi: "Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir". Çünki ulu öndər yurdundan didərgin düşmüş insanların ağrılarını dərindən duyur, onların bu çətinlikdən xilası üçün məqsədyönlü tədbirlər həyata keçirirdi.

Ümummilli liderin artıq dillər əzbəri olan "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" məşhur tezisini xatırlayaraq demək istərdim ki, "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasını regional çərçivədən beynəlxalq miqyasa çıxardı. Tarixi Qələbəmizin əsasında bu siyasətin dayandığını xüsusilə vurğulamalıyıq.

Ulu öndərin müdrik siyasəti sayəsində müəyyənləşən yeni neft strategiyasına uyğun olaraq 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan "Əsrin müqaviləsi" nəinki regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu.

Ölkəmizdə ordu quruculuğunun təməli və inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə respublikamıza rəhbər seçildiyi ilk gündən ulu öndər bu vacib sahəyə də böyük diqqət göstərdi, gənclərin vətənpərvərlik tərbiyəsini önə çəkərək ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəbin (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) təməlini qoydu. Sevindirici haldır ki, bu gün şanlı ordumuzun zabit heyətinin əsasını məhz həmin məktəbin məzunları təşkil edir.

Artıq qısa zaman ərzində Silahlı Qüvvələrimiz dünya standartlarına uyğun olaraq vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrildi. Ordunun maddi təminatı və təchizatı xeyli gücləndirildi. Ümummilli liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi də müstəqillik illərində yenidən formalaşdı.

Ulu öndər 1998-ci il 13 mart tarixində C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında sərəncam imzaladı və bu gün həmin təhsil müəssisəsi Heydər Əliyev adına Hərbi Lisey kimi fəaliyyətini davam etdirir.

Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasının 1999-cu il fevralın 20-də yaradılması da hərb tariximizin əlamətdar hadisəsinə çevrildi.

2003-cü il aprelin 21-də Respublika sarayında C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş mərasimdə Respublika Prezidenti, Ali Baş Komandan Heydər Əliyev çıxışında bildirdi ki, mən C.Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam, ona görə özümü çox xoşbəxt hesab edirəm.

Azərbaycan ordusunun yaradılmasının 85 illiyi ilə əlaqədar Heydər Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinə müraciətində deyib: "Azərbaycanın güclü ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər".

Xalqımızın ulu öndəri Heydər Əliyev respublikamızın bütün bölgələri kimi, hər zaman Kəlbəcərə, onun təbiətinə, insanlarına yüksək dəyər verərək rayon sakinləri ilə 1996-cı il aprelin 1-də keçirdiyi tarixi görüşündə demişdir: "Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, o cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər. O dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".

Ulu öndərimizin dediyi həmin şanlı günü yaşayırıq. Bu əbədi xoşbəxtliyi isə xalqımıza ulu öndərin ən layiqli davamçısı, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev və onun sərkərdəliyi ilə müzəffər Azərbaycan Ordusu bəxş etmişdir.

Vətən müharibəsində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də böyük quruculuq işləri görülür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub.

Beləliklə, Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Çünki rayon ərazisi turizmin də inkişafı üçün böyük potensiala malikdir. Kəlbəcərdə infrastrukturun yaradılması xarici ölkələrdən turistlərin rayona cəlb olunmasına geniş şərait yaradacaq.

Beləliklə də İkinci Qarabağ müharibəsi ermənilərin mənfur əməllərinə birdəfəlik son qoydu, Azərbaycan Ordusunun əks-hücumları qarşısında əzilən və darmadağın olan Ermənistan Laçın, Ağdam kimi Kəlbəcəri də əsl sahibi olan Azərbaycana qaytarmağa məcbur oldu. Bu gün Azərbaycan hökuməti azad olunmuş ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Artıq Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolu yenidən tikilib. Kəlbəcər- Laçın istiqamətində də yollar çəkilir. Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan Kəlbəcər rayonu yenidən qurularaq tam müasirləşir.

Ulu öndərin rayon sakinləri ilə tarixi görüşlərinin birində müdrikcəsinə əminliklə dediyi "Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır" fikri artıq tam reallığa çevrilib və xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ümummilli liderimiz Heydər Əliyevin müdrik ideyalarının uğurla həyata keçirilməsinə çalışır. Çünki bu yol Azərbaycanı durmadan inkişafa, dünya birliyində rolunun genişlənməsinə, xalqımızın rifahının yaxşılaşmasına, iqtisadiyyatımızın inkişafına, ordumuzun güclənməsinə və dost ölkələrlə əməkdaşlığımızın genişlənməsinə aparır.

Aqil MƏMMƏDOV,

Milli Məclisin deputatı.