Xalqımızın şanlı qəhrəmanlıq salnaməsi
Siyasət

Xalqımızın şanlı qəhrəmanlıq salnaməsi

XX əsrin 80-ci illərinin sonları - 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı açıq formada ərazi iddiaları irəli sürmüş və hərbi təcavüzə başlamışdır. Həmin dövrdə ölkədə hökm sürən hərc-mərclikdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdır.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasətini genişləndirməsi, "yeni ərazilər uğrunda yeni müharibə" çağırışı, mülki şəxslərdən ibarət "könüllü dəstələr" yaratmaq qərarı, 2020-ci il iyunun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan cəbhənin təmas xəttində mülki əhalinin yerləşdiyi ərazilərə qarşı hərbi təxribatlara başladı və xüsusilə, mülki vətəndaşlarımızı hədəfə aldı. Azərbaycan ordusu buna layiqli cavablar verdi.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev "Əlbəttə ki, ordu quruculuğu, hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı ordumuz hər şeyi özü deyir" söyləyərək bildirdi ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi - 44 günlük müharibədə bizim Müzəffər Ordumuz Paşinyana və paşinyançılara ağır zərbələr endirdi, torpaqlarımız işğaldan azad olundu.

Dağlıq Qarabağ adlanan problemi tarixin arxivinə göndərməklə Azərbaycan siyasi iradəsini, nəyə qadir olduğunu göstərdi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkləri işğaldan azad etdi.

Azərbaycanın rəşadətli əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin etdi. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və faşist xislətli düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşər: "Sadəcə olaraq, mən demişdim ki, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır. Hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra daha baş qaldırmasın. Bu müharibə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın..."

27 sentyabr 2020-ci il tarixdən başlayaraq düşmənin törətdiyi növbəti təxribatların qarşısının alınması ilə əlaqədar 44 günlük döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, şəxsi heyətinin peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, ölkəmizə möhtəşəm qələbə qazandırdı. Vətən müharibəsi ədaləti bərpa etdi.

Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın haqq-ədalət uğrunda mübarizəsi haqqında demişdir ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoyuldu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, tarixi ədalət Zəfər çalsın.

Vətən müharibəsində möhtəşəm zəfərin qazanılmasında dost və qardaş ölkələrin dəstəyini xalqımız daim hörmət və minnətdarlıq hissi ilə xatırlayacaq. Bu baxımdan qardaş Türkiyənin, onun qüdrətli Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın cəsarətli və qətiyyətli mövqeyi bizim üçün çox dəyərlidir. Türkiyə Prezidentinin qardaş ölkənin nümayəndə heyətinin, həmçinin qəhrəman türk əsgərlərinin Zəfər parkında iştirakı, xüsusilə Şuşa Bəyannaməsinin imzalanması qürurverici hadisə oldu. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya-Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu.

Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Ölkəmiz üçün yeni dövr başlanıb. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Əminliklə demək olar ki, xalqımız bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərərək, yenə də birləşəcək şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək, bir sözlə işğaldan azad olunmuş ərazilərimizi cənnət guşəyə çevirəcəkdir.

Prezident İlham Əliyev Füzuli şəhərində bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal olunmuş torpaqdan qovmuşuq: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik...”

Ceyhun MƏMMƏDOV,

"Azpetrol LTD" MMC-nin baş direktoru,

Yeni Azərbaycan Partiyasının üzvü.