XALQIMIZA QARŞI SOYQIRIMI SİYASƏTİ - DEPORTASİYA
Tarix

XALQIMIZA QARŞI SOYQIRIMI SİYASƏTİ - DEPORTASİYA

Mənfur qonşumuzun millətçiləri və faşist xislətli daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə ötən əsrdə iki milyondan artıq soydaşımız erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. 150 mindən çox dinc əhalinin qəddarlıqla öz dədə-baba yurdundan qovulması, on minlərlə soydaşımızın ağır iztirablarla üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması - Azərbaycan xalqının başına gətirilən dözülməz faciələrdəndir. Bütün bunlar beynəlxalq hüquq nöqteyi-nəzərdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi dəyərləndirilməlidir.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən kütləvi şəkildə və zor gücü ilə deportasiya edilməsinə düzgün və obyektiv hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, ulu öndərimizin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli fərmanı son dərəcə mühüm elmi-siyasi və tarixi əhəmiyyətə malikdir.

Fərmanda deyilir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Yerli olmayan bu hiyləgər ermənilər çox böyük bir məkrlə Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək özlərinə Ermənistan adlı dövlət yaratmışlar. Bununla kifayətlənməyərək, öz adətlərinə uyğun daha da irəli gedərək "böyük Ermənistan" imperiyası yaratmaq üçün məkrli planlarını həyata keçirməyə çalışmışlar. XX əsrin əvvəllərində Türkiyədə türk-müsəlman xalqlarını kütləvi şəkildə qıran və azərbaycanlıların soyqırımını təşkil edən erməni faşistləri ciddi müqavimətə rast gəlmiş və istədiklərinə nail ola bilmədikləri üçün zərbənin ağırlıq istiqamətini məhz Cənubi Qafqaza yönəltmişdilər.

Azərbaycan torpaqlarına tamah salan ermənilər bədnam monoetnik dövlət uğrunda onilliklər ərzində gizli və bəzən leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər düzəltmiş, terror təşkilatları yaratmış, türk mənşəli xalqlara, xüsusən də azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmişlər.

Erməni millətçiləri Moskvada və digər xarici ölkələrin paytaxtlarında olan havadarlarına arxalanaraq vaxtaşırı öz məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Ötən əsrin 40-cı illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda "Qarabağ hərəkatı" və "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov Dağlıq Qarabağ bölgəsinin onlara verilməsi haqqında məsələni qaldırmış və bu barədə Stalinə məktubla müraciət etmişdi. Stalinin dərkənarı ilə məktub Malenkova göndərilmişdi. Erməni şovinistinin həyasızlığı o yerə çatmışdı ki, əgər məsələ müsbət həll olunardısa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflər də hökumətə təqdim olunacaqdı. O vaxtlar mühüm dövlət postlarından birini tutmuş G.M.Malenkov məsələyə dərhal reaksiya verir və məktubu 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.Bağırova rəy üçün göndərir. M.Bağırov dekabrın 10-da tam məxfi qrifi ilə ona kəsərli cavab məktubu yazır. Burada Ermənistanın Dağlıq Qarabağla bağlı bütün iddialarının heç bir elmi əsası olmadığı bildirilir, eyni zamanda göstərilir ki, Şuşa istisna olmaqla, Azərbaycan həmin təklifə etiraz etmir, ancaq bir şərtlə - Ermənistan SSR-də və İttifaqın digər ərazilərində əhalinin əksəriyyəti azərbaycanlılar olan, Azərbaycanla həmsərhəd, tarixən Azərbaycan torpağı olan ərazilər geri qaytarılsın. Belə tutarlı faktlar qarşısında aciz vəziyyətdə qalan Kreml rəhbəri məsələyə nöqtə qoyub məktubları arxivə göndərməyə qərar verir.

Lakin erməni şovinistləri yenə də sakitləşmir, müxtəlif avantürist planlar hazırlayırlar. Növbəti dəfə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi siyasəti ortaya atılır. Bu, azərbaycanlı əhalinin ucdantutma deportasiya edilməsi siyasəti idi və 1948-1953-cü illərdə bunu reallaşdıra bildilər.

1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin - Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə nail olmaq üçün hərəkətə keçmişdi. Məsələ ilə bağlı Molotov elə oradaca Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq verildi. Ermənilər isə bu fürsətdən istifadə edib köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olurlar.

Bundan sonra isə azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara "kolxozçu" sözünün əlavə edilməsi siyasi kontekstdən qaynaqlanırdı.

Azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsindən əvvəl geniş anti-Azərbaycan təbliğatı da aparılıb və müxtəlif şayiələr yayılıb. Bu mənfur millət dədə-baba torpaqlarımıza yiyələnmək və bu torpaqlardan köklü əhali olan azərbaycanlıları qovmaq üçün müxtəlif hiylələrdən və güclü təbliğat kampaniyasından istifadə etmişdi.

SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" qəbul etdiyi qərarda göstərilirdi ki, bu sənəd SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. 1948-ci il 10 mart tarixli qərarda artıq köçürmə ilə əlaqədar konkret tədbirlərdən bəhs olunurdu.

Kreml rəhbərlərinin tələm-tələsik verdikləri qərarlar çox ağır sosial və siyasi bəlalar törətdi, köçürülənlərin ciddi narazılıqlarına səbəb oldu və böyük mübahisələr yaratdı. Bununla bağlı Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistandakı nümayəndəsi Mürsəl Məmmədovun M.C.Bağırova ünvanladığı 12 aprel 1948-ci il tarixli məktubunda deyilirdi ki, köçürülən azərbaycanlılar ilk növbədə öz daşınmaz əmlaklarını satmaq istəyirlər. Ancaq bu məsələdə böyük çətinliklərlə üzləşirlər. Erməni rəhbərləri qəsdən və süni şəkildə əngəllər törədirlər ki, azərbaycanlılar mülklərini sata bilməsinlər. Hətta bəzilərinə evlərini satmağı qadağan edirlər.

Əhalinin kütləvi şəkildə köçürülməsinə etiraz bildirənlər və müqavimət göstərənlər getdikcə artır, bəziləri hətta geri qayıdırdılar. 1948-1950-ci illərdə 376 təsərrüfatın geri qayıtması ermənilər tərəfindən faciə hesab olunmuş və dərhal ciddi tədbirlər görülməsi zəruri bilinmişdi.

Əksər hallarda erməni daşnakları və silahlı dəstələri azərbaycanlı ailələrin evlərinə soxulub onları təhqir edir, incidir və köçməyəcəkləri təqdirdə öldürməklə, mal-mülklərini dağıtmaqla hədələyirdilər. Həmin vaxtlarda erməni kilsəsinin və erməni təbliğatının fəallaşması və mərkəzdən yararlanması azərbaycanlı əhalini daha da ağır vəziyyətə salırdı. Məsələ burasındadır ki, həm yerli partiya və hakimiyyət orqanlarından, həm Ermənistan, həm də SSRİ rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar mal-mülklərini orada qoyub gedirdilər. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144654 nəfər soydaşımız doğma ev-eşiyindən zorla köçürülmüşdü.

Emin QASIMOV,

"Respublika".