Xalqımız möhtəşəm Zəfəri bizə qazandıran qəhrəmanlarını qürur və ehtiramla anır
Siyasət

Xalqımız möhtəşəm Zəfəri bizə qazandıran qəhrəmanlarını qürur və ehtiramla anır

Vətən müharibəsinin rəşadətli məqamları tariximizin ən şanlı səhifəsidir

2020-ci il 20 sentyabr... Birləşmiş Millətlər Təkilatı Baş Assambleyasının 75-ci sessiyası. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kürsüdədir. Nümayəndələr qarşısında çıxış edən dövlət başçısı müasir şərait nəzərə alınmaqla beynəlxalq təşkilatlarda islahatların aparılması, BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin edə biləcək mexanizmin tətbiqi, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün səy göstərilməsi və COVID-19 virusuna qarşı vaksinin ədalətlə bölüşdürülməsi ilə bağlı çağırış etdi: "...İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avandanlığın daşınmasının şahidi olduq... Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik", - deyə bildirdi.

Bu çağırışdan cəmi bir həftə sonra, 2020-ci il sentyabrın 27-si saat 6:00-da Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri ermənilər tərəfindən artilleriya qurğuları və minaatanlardan atəşə tutuldu. Nəticədə dinc əhali və hərbçilər arasında həlak olan və yaralananlar oldu. Vətən müharibəsi belə başladı. Bütün xalq ayağa qalxdı, əli silah tuta bilən hər kəs döyüşə qatılmaq üçün hazır oldu, çünki xalqın səbir kasası dolmuşdu, düşməndən qisas almağın vaxtı çatmışdı. O gündən ürəklərimiz cəbhə ilə bir döyünməyə başladı, nəfəsimizi içimizə çəkib həyəcanla torpaqlarımızın azad ediləcəyi, qələbə gününü gözlədik...

Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. O, qürurla söyləyirdi: "Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır".

Belə bir gərgin məqamda qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına zəng edərək Türkiyənin hər zaman olduğu kimi, Azərbaycanın yanında olduğunu vurğulayır. Bu, dünyaya bir mesaj, dünya güclərinə çağırış, xəbərdarlıq idi: Azərbaycan tək deyil!..

Dünya da deyəsən narahat olmağa başlamışdı. BMT-nin Baş katibi Antonio Quterreşin Azərbaycan Prezidenti ilə keçirdiyi videokonfransda dövlətimizin başçısı xatırlatdı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən və 30 ilə yaxın müddətdə icra edilməyən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında nizamlanmalıdır.

Başqa bir zəng sentyabrın 29-da Almaniya kansleri Angela Merkeldən gəldi. Dövlətimizin başçısı ona da anlatdı ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və düşmənin silahlı qüvvələri Azərbaycan torpaqlarında olmamalıdır.

Oktyabrın 3-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutdu. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq sülhə böyük zərbə vurub, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Türkiyə nümayəndə heyətini salamlayan dövlət başçısı dedi: "Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır". Mövlud Çavuşoğlu, öz növbəsində vurğuladı ki, Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır.

Oktyabrın 10-da Rusiya Federasiyasının Xarici İşlər nazirinin vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Danışıqlar nəticəsində hərbi əsirlərin və digər saxlanılan şəxslərin, həmçinin həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs barədə razılıq əldə olundu. Azərbaycan və Ermənistan vəziyyətin ən qısa müddətdə sülh yolu ilə nizamlanması məqsədilə substantiv danışıqlara başlamağı qərara aldı. Bununla bağlı Azərbaycan Prezidenti deyirdi: "Atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir".

Ancaq düşmən elə həmin gün atəşkəsi pozaraq Gəncə şəhərini gecə saatlarında raket atəşinə tutdu. Ölənlər, yaralananlar oldu. Azərbaycan Prezidenti "France 24" televiziya kanalına müsahibəsində Dağlıq Qarabağda dinc əhali arasında tələfat barədə sualı cavablandırarkən Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdə istənilən şəhər və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmadığını söylədi.

Oktyabrın 22-də dövlət başçısı Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul etdi. Görüş zamanı Prezident İlham Əliyev Şərəf Malkoçun diqqətini Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərə yönəldərək: "Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq" - dedi.

Oktyabrın 28-də dövlət başçısının İran İslam Respublikası Prezidentinin xüsusi təmsilçisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu. Görüşdə Prezidentimiz məmnunluq hissilə Azərbaycan-İran dövlət sərhədinin tam bərpa edildiyini, tezliklə bu sərhədin bütün müdafiə infrastrukturunun yaradılacağını vurğuladı, bu sərhədin dostluq, qardaşlıq sərhədi olacağını dedi.

Noyabrın 4-də artıq döyüşlər cəbhənin cənub və cənub-şərqində - Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Düşmənin gözləmədiyi halda Azərbaycan xüsusi təyinatlıları Şuşa-Laçın yolunu bağlamış, Cəbrayıl rayonunun 7, Zəngilan rayonunun 2, Qubadlı rayonunun 3 kəndi işğaldan azad edilmişdi. Şuşaya az qalırdı...

Noyabrın 7-də Azərbaycan Ordusu bütün cəbhə boyu hücum əməliyyatları apardı. Bir neçə kəndimiz də azad edildi. Bu xəbəri də Azərbaycan Prezidenti verdi. Ordumuzun Şuşanı son erməni əsgərindən təmizlədiyini də qürurla söylədi.

8 noyabr. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdi. Dövlətimizin başçısı xalqımıza müraciətində dedi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa indi azaddır! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır...".

10 noyabr. Noyabrın 9-dan 10-na keçən gecə üç dövlətin - Azərbaycan, Rusiya və Ermənistanın liderləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar. Erməni siyasətçilərin bir qədər öncə "əbədi torpaqlarımız" adlandıraraq yeni təcavüz üçün plasdarma çevirməyi planlaşdırdıqları Azərbaycan ərazilərindən erməni qoşunları çıxarılmağa başladı.

Hərbi əməliyyatlar 44 gün davam etdi. Ay yarım gedən fasiləsiz döyüşlər zamanı uzunmüddətli istehkamlar sistemi yarıldı, düşmən ordusu isə tamamilə darmadağın edildi. Ermənistan rəhbərliyinin bu münaqişəyə digər ölkələri cəlb etmək cəhdləri alt-üst oldu, nə dünya kütləvi informasiya vasitələrindəki azğın yalan, nə bu müharibəni islam və xristian mədəniyyətlərinin toqquşması kimi təqdim etmək səyləri, nə Azərbaycanın terrorizmdə ittiham edilməsi, nə də Azərbaycan sərhədlərinin ballistik raketlərdən atəşə tutulması onlara bir fayda verdi. Demək olar ki, bütün dünya birliyi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki səylərini təsdiqlədi. Dünya gördü ki, Qarabağ Azərbaycandır!..

Zümrüd QURBANQIZI,

"Respublika".