Xalqda böyük ümidlər yaradan partiya
Digər xəbərlər

Xalqda böyük ümidlər yaradan partiya

Ölkəmizin düşdüyü ağır və çıxılmaz bir dönəmdə xalqımızın həyatına yeni ümid işığı kimi doğan Yeni Azərbaycan Partiyasının 30 illiyini qeyd edirik. Yeni Azərbaycan Partiyası xalqımızın ulu öndər Heydər Əliyevin daxili və xarici düşmənlərə qarşı başlatdığı qurtuluş savaşı çağırışına birlik nümayiş etdirməsi nəticəsində yaranmışdır. Partiyanın qurucusu ulu öndər Heydər Əliyev fundamental inkişaf və tərəqqi konsepsiyasına əsaslanan, Azərbaycanı işıqlı gələcəyə aparacaq möhtəşəm və alternativi olmayan bir siyasi kursun əsasını qoymuşdur. Yarandığı ağır dövrdə xalq-iqtidar birliyinə nail olmağı bacaran, xalqın rifahı naminə çox ağır və əzablı yollar qət edərək bugünkü müasir dövrümüzə çatan Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalqın partiyasına çevrilmişdir.

Partiyanın keçdiyi çətin və şərəfli yol, dahi şəxsiyyətin dövlət müstəqilliyimizin qorunması və Azərbaycanda siyasi sistemin formalaşması istiqamətindəki fəaliyyəti barədə Partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun burada keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət,  Azərbaycanda siyasi sistem yaranır".

Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. İqtidar partiyası kimi qısa müddətdə sabitliyi bərpa edən, hüquqi, demokratik, müasir Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən siyasi qüvvə kimi xalqın sevgisini qazanan Yeni Azərbaycan Partiyası güclü ümumxalq partiyasına çevrildi.

Müasir Azərbaycan siyasi arenasında Yeni Azərbaycan Partiyası ilə müqayisə oluna biləcək bir partiya, Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə təsir imkanı olan ikinci bir partiya yoxdur. Partiyamızın gücü ölkə Prezidenti İlham Əliyev tərəfindən belə xarakterizə edilmişdir: "Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir".

Ümummilli liderimiz deyirdi ki: "Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır". Düşünürəm ki, ulu öndərimiz ölkə Prezidenti cənab İlham Əliyevin liderlik keyfiyyətlərinə əsaslanaraq partiyamızın gələcəyin partiyası olduğunu əminliklə vurğulamışdır. Bu gün partiyamızın sədri İlham Əliyev tərəfindən gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu dövlətçilik siyasəti həm də Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir.

 Hər zaman yeni düşüncə önündə gedən ölkə başçısı genişmiqyaslı islahatlara başlayarkən ilk növbədə, siyasi plüralizmin, demokratik institutların inkişafı üçün səy göstərmiş və hakim partiyanın sədri kimi bütün siyasi partiyaları təmsil edən deputatların Milli Məclisin rəhbər heyətinə daxil olunmalarına dair tövsiyə vermişdir. Bu gün Milli Məclisdə 11 siyasi partiya təmsil olunur.

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin möhtəşəm qələbə ilə nəticələnməsi Azərbaycan əsgərinin şücaəti və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və aparılan uğurlu siyasətinin nəticəsidir. Bu dövrdə ölkəmizdə fəaliyyət göstərən və müxtəlif siyasi baxışlara sahib olan 52 siyasi partiyadan 50-si birgə bəyanatla Ali Baş Komandan,  Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu birlik nümayişinin davamı olaraq 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşmək üçün müraciət etməsi və bu müraciətlərini partiyanın VII qurultayında qəbul edilməsi daxili siyasi mühitin dövlət başçısının atdığı addımları yüksək formada dəstəkləməsinin, ölkədəki siyasi dialoqun münbit inkişafının bariz nümunəsidir.

Müasir texnologiyaların sürətlə inkişaf etdiyi, müasir düşüncəli, yenilikçi gəncliyə böyük ehtiyac duyulduğu indiki mərhələdə partiyanın 800 minə yaxın üzvünün və ya 40 faizinin gənclər olması onu deməyə əsas verir ki, YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. 

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratdı. Bu reallıqlar partiyamızda islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini ortaya qoydu. Artıq YAP yeni idarəetmə modelini özündə ehtiva edir. Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada Birinci vitse-prezident postunun təsis olunması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi də idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış, çevik və müasir idarəetmə modeli dövrün tələblərini, partiyanın müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, səmərəli həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini bundan sonra da verəcəkdir.

Bu gün inamla deyə bilərik ki, ulu öndər Heydər Əliyevin şah əsəri - Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və tutduğu yola, seçdiyi prinsiplərə daim sadiq olub və sadiq qalacaqdır!

Ülviyyə HƏMZƏYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Əməkdar rəssam, Yeni Azərbaycan Partiyası

İdarə Heyətinin üzvü.