Xalqa və dövlətçiliyə sədaqətlə xidmət andı
Siyasət

Xalqa və dövlətçiliyə sədaqətlə xidmət andı

19 oktyabr 2013-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir

O tarixi və qürurlu anları bir də yada salaq. Prezident İlham Əliyev əlini Konstitusiyanın üzərinə qoyaraq and içdi: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!". Dövlət himni səsləndi. Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam". Sonra  Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpdü…

2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixində mühüm hadisə kimi yadda qaldı. Ölkə vətəndaşlarının səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək ölkəmizdə demokratik proseslərin uğurla getdiyini, prezident seçkilərinin azad və şəffaf keçirildiyini bildirdilər. Beləliklə, seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 5 il müddətinə Prezident seçildi. Əslində, Azərbaycan xalqı 2003-cü ildən ötən 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs verdi.

Hələ 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. O kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Xalqın ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə də "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - deyən Prezident İlham Əliyevə səs verdi. Həmin  prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn hədəflərin  konsepsiyasına çevrildi.

Bu müddətdə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazandı. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti ötən son 10 ildə müasir müstəqil Azərbaycanın devizi oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss etməyə başladı. Çünki müəyyənləşdirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  andiçmə mərasimindəki nitqində  öz xalqına, dövlətinə bağlı olduğunu belə ifadə etmişdi: "İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm. Dünən Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilirdi. Hesab edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir".

Növbəti prezident seçkiləri də Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Ulu öndərimizin azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev strategiyasını, onun diplomatiyasını, müəyyənləşdirdiyi siyasi kursu daha da möhkəmləndirdi, müasirləşdirdi, modernləşdirdi. Ümumilikdə,  cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycanın  inkişaf və tərəqqi dövrüdür. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmasında  sabaha, gələcəyə inam hissi dayanırdı. Dövlət başçısının tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının  arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı. Xalqın inamına arxalanaraq Ali Baş Komandan kimi möhtəşəm qələbəmizlə  tarix yazdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, Qarabağı yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.

Mustafa KAMAL,

"Respublika".