Xalq rəssamı, bənzərsiz SƏTTAR BƏHLULZADƏ
Sosial həyat

Xalq rəssamı, bənzərsiz SƏTTAR BƏHLULZADƏ

Elə insanlar var ki, onların zahiri görünüşləri bir çox mətləblərdən hali edir insanı. Elə insanlar da var ki, əksinə, xarici görünüşü aldadıcı olur. Zahiri görünüşü ilə daxili tərs mütənasiblik yaradır. Sadə görünüşü onun kimliyini ilk baxışda özündə gizlədir. Belə insanlardan biri də Azərbaycanın dünyaşöhrətli rəssamı Səttar Bəhlulzadə idi. Sadəlik onun daxilində, zahiri görkəmində cəm olmuşdu. Onun çəkdiyi əsərlər Azərbaycanın bütün coğrafiyasını, təbiətini, gözəlliklərini əhatə edir. Rəssamın yaradıcılığı Xəzər sahillərindən başlayıb bütün Azərbaycan boyu şaxələnir. Xəzərin mavi sularından güc alan rəssam fırçasının qüdrətində Vətən eşqini, məhəbbətini canlandırıb. Əsərləri dünyanın onlarla muzeyində daimi eksponat kimi nümayiş olunur. Rəssam Azərbaycanı başdan-başa dolaşaraq onun gözəlliklərinə, əsrarəngiz təbiətinə olan sevgisini rənglər vasitəsilə ifadə etmişdir. Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdu. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. Tələbəlik illərində Krımda keçirilən yay təcrübəsi zamanı onun rəsmlərindəki özünəməxsusluğu görən məşhur rəssam Q.M.Şeqal Səttara rəngkarlıq fakültəsinə keçməyi təklif edir. Gənc rəssam bu təklifi qəbul edərək üçüncü kursdan Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir. S.Bəhlulzadə 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirir. Diplom işi kimi isə o, Babək hərəkatı mövzusunu seçir. Mövzunu daha əhatəli əks etdirmək üçün material toplamaq məqsədilə Bakıya gəlir. Diplom işini tam bitirsə də, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması səbəbindən müdafiəsi yarımçıq qalır. Müharibə bitdikdən sonra isə diplom müdafiəsi üçün Moskvaya qayıtmır, səbəbini soruşanda isə: "Diplomsuz rəssam olmur?" - deyə cavab verərmiş.

S.Bəhlulzadə yaradıcılığına "Kommunist" qəzetində başlayıb. 1931-1933-cü illərdə o dövrü əks etdirən ilk karikaturaları bu qəzetdə çap edilib. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycanın Dövlət Şəkil Qalereyasında, həmçinin Moskva və digər şəhərlərin muzeylərində saxlanılır. S.Bəhlulzadənin yaradıcılığında "Babək üsyanı", "Fətəli xan", "Füzulinin portreti" və başqa əsərlər mühüm yer tutur. Heç vaxt ailə həyatı qurmayan Səttar Bəhlulzadənin gizli bir eşqi olub. Rəssamın hamıdan gizli saxladığı, sevdiyi qız - Xalq rəssamı, qrafika ustası Maral Rəhmanzadə imiş. Sevdiyinə qovuşa bilməyən Səttar Bəhlulzadə həyatda təkliyi, tənhalığı özünə yoldaş, sirdaş seçmişdir. 65 illik ömründə neçə ömürlərin, talelərin yükünü, ağırlığını çəkir. Həyatının sevgisi, eşqi uğursuzluğa uğrasa da, rəssam sənətinin sevgisində ucalmış, sənətinin aşiqinə çevrilmişdi. Elə bütün bunlara görə də ona "Sənətinin Məcnunu" adı verilmişdi.

Səttar Bəhlulzadənin Abşeron neft mədənlərini, bağ və kəndlərini təsvir edən çoxsaylı rəsmləri vardır. Onun "Abşeron etüdləri", "Xəzər üzərində axşam", "Bazardüzü", "Kəpəzin göz yaşları", "Suraxanı atəşgahı", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Şamaxı üzümlükləri" və s. əsərləri xüsusilə seçilir. Rəssamın Əlcəzair, Bolqarıstan, Kanada, Yaponiya, Tunis, Çexoslovakiya və bir çox ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponat kimi saxlanılır.

Səttar Bəhlulzadə doğma vətəninin təbii gözəlliklərini, nemətlərini fırçasının qüdrətində, al-əlvan rənglərin ahəngində canlandırırdı. Rəssam bəzən ucqar bir Azərbaycan kəndində olan əsrarəngiz gözəlliyi əsərlərində Bakıya gətirir, bəzən də Bakıda olan hansısa bir məqamı ucqar dağ kəndinə daşıyırdı.

Səttar Bəhlulzadə həddindən artıq gözü-könlü tox insan olub. Özü çətinlik çəksə də, böyük məbləğdə olan qonorarını uşaq evinə bağışlayır. Sufi həyatı yaşayan Səttar Bəhlulzadə zahiri görkəminə qətiyyən fikir verməz, o geyimə bəzək kimi yox, soyuqdan qorunmaq kimi baxarmış. Səttar müəllim eyni zamanda özünə qapalı, dərdini ürəyində çəkən, hətta, ağır xəstə olduğu halda belə kimsəyə bildirməyən insan idi.

Sənətinə, şəxsinə olan diqqətsizlikdən incik olan böyük rəssam Əmircandakı evlərinə çəkilərək hamıdan uzaqlaşır. Ağırlaşan səhhətindən qohumları çox gec xəbər tutur, onu xəstəxanaya yerləşdirirlər. Xəstəliyinin şiddətləndiyi bir zamanda rəssamın Moskvada ilk fərdi sərgisi açılır və həkimlər ona sərgidə iştirak etmək üçün icazə verirlər. Səttar Bəhlulzadə ayaqüstə güclə dursa da, sərgidə iştirak edir. Xərçəng xəstəliyindən əziyyət çəkən rəssam Moskvada əməliyyat olunur. Xəstəliyinin ağırlığından və artıq ömrünün sonuna yaxınlaşdığından xəbərsiz olan rəssam Bakıya böyük ümidlərlə qayıdır. Öləziyən, zəif gözlərində bir həyat işığı yanmağa başlayır. Lakin ümidləri, arzuları yarımçıq qalır. 1974-cü il oktyabr ayının 15-də böyük Azərbaycan rəssamı gözlərini əbədi olaraq yumur. Öz vəsiyyətinə uyğun olaraq Əmircan qəbiristanlığında, anasının yanında dəfn olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".