Xalq artisti Əlibaba Məmmədov son mənzilə yola salınıb
Sosial həyat

Xalq artisti Əlibaba Məmmədov son mənzilə yola salınıb

Fevralın 26-da 1-ci Fəxri xiyabanda Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

Mədəniyyət naziri Anar Kərimov Əlibaba Məmmədovun yaradıcılığından və muğam sənətinə töhfələrindən söz açıb. Bildirib ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub. Bu mahnılar xalq tərəfindən sevilir.

Diqqətə çatdırılıb ki, müəllimi Seyid Şuşinskidən öyrəndiklərini təkmilləşdirərək illərlə gənc nəslə ötürüb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırıb. Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir.

Mərasimdə görkəmli sənətçilər Əlibaba Məmmədovla bağlı xatirələrini, fikirlərini bölüşüblər.

Muğam sənətində ağır itki üz verdiyini söyləyən Xalq artisti, professor Ramiz Quliyev deyib: "Çox çətin anları yaşayırıq. Mən Əlibaba Məmmədovu gənclik illərimdən, filarmoniyada çıxış etdiyim vaxtlardan tanıyıram. Məşqlər zamanı o, bizə yaxınlaşıb hamımızla görüşür, biz də onu böyük sayıb əmi deyə müraciət edərdik. Əlibaba Məmmədov bir sənətçi kimi özündən sonra oxuduğu mahnılarını, lent yazılarını qoyub getdi. O, bununla dövlətə, torpağa olan sadiqliyini nümayiş etdirdi. Əlibaba Məmmədov öz mahnıları ilə insanlara ruh verirdi. Bu yaxınlara qədər ona zəng edib əhvalını soruşurdum. O da cavabında "yaxşı" deyirdi. Bu, bir dostluq nümunəsi, insanlara bəslədiyi sevginin göstəricisi idi. Xalq onun sənətini unutmayacaq, daim yaşadacaq".

Xalq artisti Alim Qasımov bildirib ki, Əlibaba Məmmədovu bütün xalq sevir. Muğam aləmində Əlibaba Məmmədov gözəl ömür yaşadı, öz çələngini, sənətini bizə təhvil verib getdi.

Xalq artisti Mənsum İbrahimov deyib: "Əlibaba Məmmədov gözəl xanəndə, gözəl pedaqoq, çoxlu sayda mahnının müəllifi idi. Mən hər zaman onun davranışından, insanlara münasibətindən nümunə götürmüşəm. O qədər pozitiv, insanlarda xoş ovqat yaradan insan idi ki… Onun xatirəsi xalqımızın xatirəsindən silinməyəcək. Tək onun "Xudayar" təsnifini xatırlatmaq kifayətdir ki, bizim Qarabağ savaşında dillər əzbəri idi".

Qeyd edilib ki, görkəmli sənətkarın işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

AZƏRTAC