Vladimir Norov: Azərbaycan regional və beynəlxalq inteqrasiyaya yönələn fəal xarici siyasət yürüdür
MÜSAHİBƏLƏR

Vladimir Norov: Azərbaycan regional və beynəlxalq inteqrasiyaya yönələn fəal xarici siyasət yürüdür

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, həmçinin regional və beynəlxalq təşkilatlara inteqrasiyaya yönəlmiş fəal xarici siyasət yürüdən nümunəvi ölkədir.

Bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Baş katib ŞƏT-də "Dialoq üzrə tərəfdaş" statusunda təmsil olunan Azərbaycanın tərəfdaş ölkə kimi təşkilatın işində çox fəal iştirak etdiyini vurğulayıb. "Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialı nümayiş etdirilib", - deyə Vladimir Norov bildirib.

Baş katib Şanxay Əməkdaşlıq Təşkilatı platformasında Azərbaycanın ticari-iqtisadi imkanlarının tanıdılması və Azərbaycanda istehsal olunan məhsulların təqdimatının həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, cari ilin aprelində Çinin Çindao şəhərindəki "Çin-Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası"nda keçirilmiş beynəlxalq investisiya və ticarət sərgisində Azərbaycanın müxtəlif çeşiddə ixracyönümlü məhsullarının nümayiş olunub və ziyarətçilərin böyük marağına səbəb olub.

Baş katib Vladimir Norov təşkilatın Düşənbə sammitinə (sentyabr 2021) hazırlıqla bağlı keçirilmiş müzakirələrdə Azərbaycanın ŞƏT-dəki statusunun yüksəldilməsi məsələsinin də gündəmdə olduğunu bildirərək deyib: "Milli Əlaqələndiricilər Şurasının iclasında Özbəkistanın təşkilata sədrlik edəcəyi, gələn il Azərbaycana müşahidəçi statusunun verilməsi məsələsinə baxılması ilə bağlı qərar qəbul edilib. Əminəm ki, Özbəkistanın sədrliyi ilə ŞƏT-in 2022-ci ilin sentyabrında keçiriləcək sammitində Azərbaycana müşahidəçi statusu veriləcək".

Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş statusları ilə hazırda 21 ölkəni öz ətrafında birləşdirdiyini, bunun da dünya əhalisinin təxminən yarısını təşkil etdiyini deyən Baş katib bildirib: "Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya ərazisinin 60 faizini əhatə edir. Bu gün ŞƏT ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) həcmi dünya ÜDM-nin 25 faizini təmin edir. Bir çox beynəlxalq ekspertlərin, maliyyə institutlarının proqnozalarına görə, 2030-cu ilə qədər bu rəqəm 35-40 faizə çata bilər. Hesab edirəm ki, bu mənada ŞƏT çərçivəsində Azərbaycanın statusunun yüksəldilməsi təşkilatın gələcək inkişafına müsbət təsir göstərəcək. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan bir çox ölkələrlə dostluq, strateji əməkdaşlıq münasibətləri qurub. Bu səbəbdən hesab edirəm ki, növbəti il çox əlamətdar olacaq".

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistan, bu il isə İran ŞƏT-ə üzv qəbul edilib. Təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən zirvə görüşündə Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilib. Ölkəmiz ilə təşkilat arasında mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, 2008-ci ildə qurumun katibliyində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının və Azərbaycan səfirliyinin birgə təşkilatçılığı Azərbaycan mədəniyyət günləri, "Nizami Gəncəvi İli" çərçivəsində cari ilin mayında "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbir keçirilib. Heydər Əliyev Fondu Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün dahi şairin büstünü quruma hədiyyə edib.

AZƏRTAC