Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib
İdman

Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib

Dekabrın 15-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra nazir Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov səsvermə nəticəsində Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.

Konfransda, həmçinin İsmət Əliyev və Zemfira Meftaxətdinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Federasiyanın yeni prezidenti Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. V.Eyvazov idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını vurğulayıb.

AZƏRTAC