VIII Qlobal Bakı Forumu: Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qoşulmaq şərtləri o qədər də şəffaf deyil
Siyasət

VIII Qlobal Bakı Forumu: Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qoşulmaq şərtləri o qədər də şəffaf deyil

Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində "Qərbi Balkan ölkələrinin qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda doqquzuncu panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Qərbi Balkan ölkələrində gedən siyasi proseslər, region ölkələrini gözləyən imkanlar və təhdidlər müzakirə edilib.

Panel iclasda Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Çex Respublikasının sabiq Baş naziri Jan Fişer, Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliott çıxış ediblər.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov bildirib ki, Avropa İttifaqının genişlənməsi Qərbi Balkan ölkələrinin qoşulmaması ilə tamamlana bilməz. O, Avropa İttifaqının Qərbi Balkan ölkələrinə qoyduğu şərtlərin digərləri ilə müqayisədə daha sərt olduğuna diqqət çəkərək deyib: "Hazırkı vəziyyət isə Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyasını çətinləşdirir. Balkan ölkələrinin Avropa İttifaqına qoşulması şərtləri də şəffaf deyil. Bunu Türkiyənin qoşula bilməmə sindromu üzərində də görə bilərik".

Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd edib ki, hər bir ölkə öz siyasətini qlobal iqtisadiyyatı nəzərə alaraq reallığa uyğun qurmalıdır. Azərbaycan özünün əsas problemini, yəni, Qarabağ münaqişəni effektiv şəkildə həll edib. Problem öz həllini hərb üsulu ilə tapdı ki, bu da mövcud şəraitdə yeganə çıxış yolu idi.

Onun sözlərinə görə, ölkələr regionun xəritəsinə dar çərçivədə deyil, geniş şəkildə baxmalıdırlar. Siyasət bir sıra digər məsələlərlə, o cümlədən kommunikasiyalar, iqtisadiyyat və digər sahələrlə əlaqəlidir. Hesab edirəm ki, böyük dünya ölkələri bölgələrin xarakterik xüsusiyyətlərini nəzərə alaraq siyasət yürütməlidir.

Sabiq Prezident, həmçinin vurğulayıb ki, Serbiya dövlətinin Avropa ilə bağlı strategiyası bu ölkəyə uğur gətirib. Serbiyanın Avropa ilə münasibətləri uzun illər boyunca uğurlu olsa da, hazırda gələcəyimizin təhlükəsiz olmadığına dair Avropa İttifaqından siqnallar alırıq. Avropa İttifaqı Serbiyanın strateji və siyasi vəziyyətini dəyişir.

"Qərbi Balkan regionu Avropanın döyünən ürəyidir. Avropa İttifaqı Qərbi Balkan regionuna doğru genişlənməyə getməsə, strateji problemlərlə üzləşəcək. Gələcəkdə Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzv olacağına ümid edirəm", - deyə sabiq Prezident bildirib.

Boris Tadiç Kosovonun müstəqiliyini elan etməsinin Qərbi Balkan regionunun siyasi landşaftında köklü dəyişikliklərə səbəb olduğunu da diqqətə çatdırıb.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç qeyd edib ki, Qərbi Balkan ölkələri ilə əməkdaşlıq, onların tərəfdaşlığa sövq edilməsi vacib amillərdəndir. O, həmçinin deyib: "Qərbi Balkan ölkələri sülh şəraitində yaşamalıdırlar. Mövcud reallıqda Balkan ölkələri öz mövqelərini bildirməli və regionda nüfuzlarını artırmalıdırlar. Bu cür beynəlxalq təşəbbüslər əsasında yeni əməkdaşlıqların formalaşması dünya ölkələri, xüsusilə də Qərbi Balkan regionu üçün əhəmiyyətlidir. Ümid edirəm ki, gələcəkdə vahid təşkilatların təsis edilməsi ilə dünya ölkələri partnyorluq çərçivəsində birləşə, xüsusilə Qərbi Balkan ölkələrinin perspektivlərinin reallaşmasına təkan verilər. Fikrimcə, VIII Qlobal Bakı Forumunda bu cür mövzuların müzakirəsi nəticəsində bir sıra sahələrdə irəliləyiş əldə ediləcək. Aktual məsələlər haqqında aparılan fikir mübadiləsi olduqca faydalıdır".

Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qoşulması şərtlərinin o qədər də şəffaf olmadığını diqqətə çatdıraraq deyib: "Bir sıra qaranlıq məqamlar hələ də qalmaqdadır. İstənilən halda, Qərbi Balkan ölkələrinin Avropa İttifaqına marağı artıb. Hesab edirəm ki, Balkan ölkələri beynəlxalq müstəvidə hər cür faydalı əməkdaşlıqlara hazır olmalıdırlar. Qərbi Balkan ölkələrinin vətəndaşlarının da bu məsələyə isti yanaşdığı hiss edilir. VIII qlobal Bakı Forumundan aparılan müzakirələr, problemlər ətrafında fikir mübadiləsi bu baxımdan da çox əhəmiyyətlidir".

Çex Respublikasının sabiq Baş naziri Yan Fişerin sözlərinə görə, Qərbi Balkan ölkələrinin Avropaya məxsus olması inkar edilə bilməz. Ona görə də Balkan ölkələrinin Avropa İttifaqına üzvlük məsələsi hər zaman müzakirə mövzusu olmalı və gündəmdə qalmalıdır ki, problem həllini tapsın. İnteqrasiya reallaşmadığı halda Qərbi Balkan regionu Avropa İttifaqı üçün problemə çevrilə bilər. Bu gün Qərbi Balkan ölkələrinin dəyərləndirilməsi mövzusunda aparılan müzakirələr zamanı onların Avropa İttifaqına inteqrasiyası ilə bağlı real vəziyyət diplomatlar tərəfindən aydın təsvir olundu. Fikrimcə, regionda millətçiliyin qarşısını almaq da vacib məsələlərdəndir. Çünki son dövrlər həmrəylik daha çox millətçiliklə əvəz olunub. Populizm isə təbii ki, demokratik idarəetmənin qarşısını alır. Qərbi Balkan regionunda dayanıqlı inkişafın qazanılmasının yollarını öyrənməli, bərabərsizliyin qarşısını almağa çalışmalıyıq. Qərbi Balkan ölkələri hələ də reallaşmayan böyük potensiala malikdir. Hesab edirəm ki, VIII Qlobal Bakı Forumunda aparılan müzakirələr bu baxımdan faydalı olacaq və bır sıra problemlər öz həllini tapacaq. Ümumiyyətlə, problemlərin qarşısını almaq üçün müxtəlif ideyaların səsləndirilməsi, müzakirələrin aparılması vacib əhəmiyyətə malikdir".

Amerika Xarici Siyasəti Milli Komitəsinin Prezidenti Süzan Elliott da çıxışında Qərbi Balkan ölkələrinin Avropa İttifaqına daxil olmasını zəruri hesab edib və həmin regionla daha fəal işləməyin vacibliyini qeyd edib.

AZƏRTAC