VIII Qlobal Bakı Forumu çərçivəsində ərzaq və qida təhlükəsizliyinin təşviqi məsələləri müzakirə olunub
Ekologiya

VIII Qlobal Bakı Forumu çərçivəsində ərzaq və qida təhlükəsizliyinin təşviqi məsələləri müzakirə olunub

Noyabrın 5-də VIII Qlobal Bakı Forumu çərçivəsində "Ərzaq və qida təhlükəsizliyinin təşviqi" mövzusunda altıncı panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldinin moderatorluğu ilə keçən panel iclasında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dünyada yoxsulluğun və aclığın aradan qaldırılması istiqamətində göstərilən səylər, sosial müdafiə və bufer ehtiyatları vasitəsilə davamlılığın yaxşılaşdırılması, qida sistemlərinin işləməsinin təmin olunması, yerli dəyər zəncirinin gücləndirilməsi, qidalanmanın yaxşılaşdırılması, dayanıqlı qida istehsalının genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

Panel iclasında çıxış edən Quraq Torpaqların meliorasiyası üzrə Beynəlxalq Komissiyanın sədri, Misirin sabiq kənd təsərrüfatı və meliorasiya naziri Adel El Beltaqi iqlim dəyişikliyi ilə bağlı Şotlandiyada keçirilən Qlazqo Forumu barədə danışıb. Bildirib ki, iqlim dəyişikliyinə təsir göstərən amillərlə bağlı davamlı maarifləndirmə mühüm əhəmiyyət daşıyır.

Mavritaniyanın sabiq Prezidenti Amina Qurab-Fakim çıxışında koronavirusa yoluxmanın yayıldığı vaxtda xüsusilə Afrika qitəsində biomüxtəlifliyin qorunub saxlanılmasından danışıb. Biz əsasən bu məsələlərə kənd təsərrüfatının inkişafının necə düzgün təmin edilməsi baxımından yanaşmalıyıq. O, bitki bankının yaradılmasının nadir bitki toxumlarının toplanması, biomüxtəlifliyin qorunub saxlanılması baxımından çox vacib olduğunu deyib.

ABŞ Dövlət Departamentinin elm məsələləri üzrə sabiq müşaviri Nina Fedoroff çıxışında bildirib ki, dənli bitkilərin becərilməsi yararlı olan ərazilər şimaldan cənuba yönələcək. İqlim dəyişikliyi qlobal kənd təsərrüfatının məhsuldarlığının 20 faiz azalacağını bildirib. İqlim dəyişikliyinin bizə qarşı işlədiyini və hazırda yeganə yolun innovativ texnoloji üsullardan, ağıllı texnologiyalardan istifadə edərək bu məhsuldarlığı artıraraq kənd təsərrüfatının inkişafını təmin edə bilərik. O, həmçinin iqtisadi və ekoloji amillərə toxunaraq kənd təsərrüfatına olunan sərmayələrin artdığını deyib. Təəssüflə bildirib ki, bu sərmayələrin əsas hissəsi inkişaf etmiş ölkələrin payına düşür. O, bitki və dən genlərini dəyişmək vasitəsilə elmi texnoloji tərəqqidən istifadə etməklə bəzi kənd təsərrüfatı mallarının məhsuldarlığının artırılması barədə danışıb. Sonda genetik araşdırmaların və tədqiqatların aparılması üçün investisiyaların daha da artırılmasının vacibliyini vurğulayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş elmi işçisi İsmahane Elouafi qida zəncirinin dəyişilməli olduğunu qeyd edib. Artıq böhran dövrünü keçdiyi bildirən alim bildirib ki, bunun üçün biz kənd təsərrüfatının dayanıqlı inkişafıni təmin etməliyik. Təklif edərdim ki, süni zəkadan istifadə edərək dayanıqlı qida istehsalını genişləndirə bilərik. Müasir texnologiyalardan, innovasiyalardan, ucuz başa gələn texnologiyalardan istifadə etməyin vacibliyini bildirib. Kənd təsərrüfatının yenidən təşkili zamanı DİM-in gündəliyində duran məsələləri də nəzərə almaq lazımdır.

Müzakirələr zamanı bildirilib ki, yoxsulluğun aradan qaldırılmasına töhfə vermək üçün modernləşdirilmiş qida və qidalanma sistemi qida dəyəri zəncirinin bütün aktorları üçün tam və məhsuldar məşğulluğu, layiqli əməyi təşviq etməli, dünyanın ən yoxsul insanları üçün riskləri azaltmalı, sahibkarlıq mühiti yaratmalı və resurslara əlçatanlıqda bərabərsizlikləri aradan qaldırılmalıdır. Vurğulanıb ki, insanlar təbiətə qarşı deyil, onunla işləməyi öyrənməli, bununla da biomüxtəlifliyini itirilməsini, çirklənməni, sudan istifadəni, torpağın deqradasiyasını və istixana qazı emissiyalarını azaltmalıdırlar.

Panel iclası müzakirələrlə davam edib.

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

AZƏRTAC