Vəzifələr layiqincə yerinə yetirilir
Digər xəbərlər

Vəzifələr layiqincə yerinə yetirilir

"Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son 19 il tarixə müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurlar qazanması dövrü kimi düşüb. Ötən müddət ərzində ordunun yüksək və peşəkar hərbçi kadrlarla təmin edilməsi, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil etmişdir.

"Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır", - deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Silahlı Qüvvələri bu il 100 illiyini təntənə ilə qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənmiş və döyüş qabiliyyətini artırmışdır.

1994-cü il yanvarın 24-də ulu öndər Heydər Əliyev cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xeyir-dua verərkən deyirdi: "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır".

Ulu öndərimizin vəsiyyət xarakterli 29 il öncə söylədiyi bu qiymətli fikirlər 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Azərbaycan tarixi Zəfər qazandı, 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad olundu, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və yenilməz Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Azərbaycan xalqı öz liderinin İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Vətən müharibəsi artıq iki ildən çoxdur ki, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Vətən müharibəsi başlayanda minlərlə gənc könüllü olaraq müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə demişdir: "Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi".

Bu gün ölkəmizin hərb quruculuğu prosesinə öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezident cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə həyata vəsiqə almışdır. Xidmət yarandığı ilk gündən etibarən Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin yaradılması ilə ortaya qoyulmuşdur. Xidmət 11 il ərzində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görmüşdür.

Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin mütəşəkkil qaydada icrası təmin olundu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanların 35 yaş, zabitlərin isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi.

Şübhəsiz ki, Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan, səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədilə mütəmadi olaraq praktiki məşğələlər keçirilmişdir. Həmçinin, Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi qaydaları işlənmiş, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilmiş ehtiyatda olan zabit və gizir hazırlığı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi üçün namizədlərin göndərilməsi təmin olunmusdur. Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş, xəsarət almış və Azərbaycan Respublikası Prezidentinin, həmçinin Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamları ilə təltif edilmiş şəxslərə dair 97214 ədəd orden, medal və onların vəsiqələri, 55719 ədəd "Vətən müharibəsi iştirakçısı" medalı Xidmətin Aparatına Müdafiə Nazirliyindən daxil olmuş və aidiyyəti üzrə təqdim edilməsi üçün yerli struktur bölmələrə paylanılması təmin olunmuşdur. Veteran adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar Xidmətin Aparatına daxil olan 94 ədəd sənədə komissiya tərəfindən müvafiq qaydada baxılmış, ümumilikdə 56 şəxs barədə müsbət qərar qəbul olunaraq "Müharibə veteranı" vəsiqəsi verilmişdir.

Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri də həqiqi hərbi xidmətə çağırışın Azərbaycan Respublikası qanunlarına müvafiq qaydada təşkil edilməsidir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması, ilk növbədə, vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən Azərbaycan Respublikasının 15 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları tibbi şəhadətləndirilərək ilkin hərbi qeydiyyata alınırlar. Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq sərəncamlarının icrasının təmin edilməsi məqsədilə, Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə daha keyfiyyətli komplektləşdirilməsi üçün çağırış yaşlı vətəndaşların qanunamüvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilmişdir.

Xidmət səfərbərlik və hərbi xidmətə çağırış prosesini həyata keçirən qurum kimi demək olar ki, Silahlı Qüvvələr ilə cəmiyyət arasında körpü rolunu oynayır. Xidmətin yerli struktur bölmələri tərəfindən ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq fənninin müəyyən olunmuş proqrama uyğun aparılmasına, keçirilən dərslərin keyfiyyətinə nəzarət artırılmış və aidiyyəti qurumlarla birgə orta ümumtəhsil müəssisələrində mütəmadi yoxlamalar təşkil edilmişdir. Respublikada hərbi vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.

Azərbaycan Respublikasında ölkə rəhbərliyi səviyyəsində aparılan işlərin əsas hədəfi vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir ki, bu gün Xidmət öz fəaliyyətini sözügedən tələblər əsasında qurur. Əməkdaşlarının "ASAN Xidmət" mərkəzlərində fəaliyyəti və Xidmətin səlahiyyətlərinə aid xidmət növlərinin uğurla həyata keçirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Xidmətin fəaliyyət sahəsi üzrə ötən il "ASAN xidmət" mərkəzlərində vətəndaşlara göstərilən 5 növ xidmət üzrə 62179 sayda vətəndaş müraciətinə baxılmaqla, onlardan 61347 müraciətin icrası müsbət qaydada təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanların icrası ilə əlaqədar DOST mərkəzlərində fəaliyyət göstərən Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin təyin olunması təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müharibə veteranlarına və müharibə əlillərinə, Milli qəhrəmanlara, şəhid ailələrinə göstərilən diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də səlahiyyətləri çərçivəsində hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır və bu ənənə bu gün də davam edir.

Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması hazırda zəruri məsələlərdəndir. Bu məqsədlə ötən müddət ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Xidmətin Mərkəzi Çağırış Məntəqəsi Kompleksi və Siyəzən rayon bölməsinin inzibati binası istifadəyə verilmiş, Xidmət Aparatının inzibati binasında təmir işlərinə başlanılmış, eləcə də bir sıra struktur bölmələrin inzibati binalarında cari təmir işləri görülmüşdür.

Açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 saylı Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Xidmət Qeyri-hökumət təşkilatları və media qurumları ilə birgə müxtəlif tədbirlər həyata keçirmişdir.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hər zaman təxirəsalınmaz tədbirlər görülməsi zərurəti yaratmışdır. Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında heç şübhəsiz mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı 2022-ci il üçün Xidmət tərəfindən nəzərdə tutulmuş işlər icra edilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma endirilməsi məqsədilə Xidmət tərəfindən bir sıra dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilmiş, aşkar olunmuş nöqsanlarla bağlı qəti addımlar atılmış və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

11 illik fəaliyyətində müasir idarəetmə imkanlarına malik, peşəkar şəxsi heyət, savadlı və bacarıqlı əməkdaşlarla komplektləşdirilməsi prioritet olaraq daim diqqətdə saxlanılmışdır. "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında" Əsasnamə ilə müəyyənləşdirildiyi kimi, Xidmətin kadr tərkibi hərbi qulluqçulardan və işçilərdən (dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan mülki işçilərdən) ibarətdir. Xidmətin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanunlara, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, Silahlı Qüvvələrin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçularının qulluq keçməsi "Dövlət qulluğu haqqında" Qanunun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Ötən il xidmətin yaranmasının 10 illiyi münasibətilə fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görə Prezident cənab İlham Əliyevin 14 fevral 2022-ci il tarixli Sərəncamı ilə hərbi qulluqçulardan 1 nəfəri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 12 nəfəri "Hərbi xidmətlərə görə" medalı və mülki işçilərdən 2 nəfəri isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Ölkəmizdə bu gün yürüdülən siyasətin əsasında vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Azərbaycan Respublikası Prezidentinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulunun keçirilməsi, onların təklif, şikayət və rəylərinin öyrənilməsi, qanuni tələblərinin yerinə yetirilməsinə dair tapşırığının icrası ilə əlaqədar Xidmət rəisi tərəfindən respublikanın regionlarında qəbullar keçirilmişdir. Keçirilmiş qəbullar zamanı bir sıra müraciətlər yerində həllini tapmış, araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülmüş, Xidmətin səlahiyyətlərinə aid olmayan müraci-ətlər isə baxılması üçün aidiyyəti qurumlara göndərilmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

Elmar TAĞIYEV,

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə

Dövlət Xidməti Katibliyinin rəisi, polkovnik.