Vətənpərvərliyin, fədakarlığın gücü
Gündəm

Vətənpərvərliyin, fədakarlığın gücü

2020-ci ilin sentyabr ayında Ermənistan silhalı qüvvələri genişmiqyaslı təxribatlara başladı. Düşmənin bu təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan Ordusu həmin il sentyabrın 27-də "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatları keçirdi. Cəmi 44 gün davam edən və tariximizə İkinci Qarabağ savaşı kimi həkk olunan bu əks-hücum əməliyyatları otuzillik erməni işğalına son qoydu. İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qələbə ölkəmizin hərbi qüdrətini bütün dünyaya göstərdi.

İkinci Qarabağ savaşının ilk günündə ölkə başçımız televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bildirdi. Prezident İlham Əliyev, həmçinin müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini, Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini də diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda dövlət başçımız aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: "Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq".

Uğurla davam edən əks-hücum əməliyyatlarının ilk saatlarından etibarən Azərbaycan Ordusu düşmənin möhkəmləndirilmiş ön müdafiə xəttini yarmağa nail oldu. Beləliklə, Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndləri, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəkliklər azad edildi. "Dəmir yumruq" əməliyyatını peşəkarcasına icra edən ordumuz oktyabrın 3-də şimal cəbhəsində yerləşən mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Prezident İlham Əliyev həmin müjdəni öz şəxsi "X" (tviter) hesabından xalqımıza çatdırdı, sözügedən kəndin tarixi adı bərpa edilərək yenidən Suqovuşan adlandırıldı. Rəşadətli Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşmən tapdağından azad etdi. Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələri Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzlik" mifini darmadağın etdi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu. Bu hadisədən bir gün sonra - Müstəqilliyin Bərpası Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalandı. 2020-ci il oktyabrın 20-də isə Zəngilan şəhəri düşməndən təmizləndi. Həmin ilin 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsilə ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhədi tam nəzarətə götürüldü. Şanlı Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini işğaldan azad etdi. Bu əməliyyat digərlərindən daha çox əhəmiyyət kəsb edirdi, çünki bununla Azərbaycan Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolu nəzarətə götürməyə nail oldu. Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə isə 53 kəndi və bir neçə strateji yüksəkliyi düşməndən təmizlədi. Bundan sonra qarşımızda Qarabağın döyünən ürəyi - Şuşa şəhərini işğaldan azad etmək dayanırdı.

Qəhrəman ordumuz buna da nail oldu, Şuşa əməliyyatını uğurla başa çatdırdı. Cəsur əsgər və zabitlərimiz Şuşaya Qarabağın sıx meşələrində onlarla kilometr uzunluğunda yeni yol açdılar. Müzəffər Ali Baş Komandanımız tərəfindən Zəfər yolu adlandırılan bu yolla hərəkət edən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına dırmaşaraq bir neçə istiqamətdən şəhərə daxil oldular. Beləliklə, ermənilərdən təmizlənmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan Ordusunun dağ piyadaları qəfil pusquya salınmış düşmənin sonuncu müqavimətini də qırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri noyabrın 8-də Azərbaycan xalqına çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Şuşa indi azaddır, biz Şuşaya qayıtmışıq. Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə yerlə-yeksan oldu. Bu əməliyyatdan bir gün sonra - 2020-ci il noyabrın 9-da daha 71 kənd, bir qəsəbə və 8 strateji yüksəklik düşmən tapdağından azad edildi.

Beləliklə, sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi bu qələbə dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatlardandır. Müharibədəki ağır məğlubiyyətdən sonra Paşinyan hakimiyyətinin kapitulyasiya aktını imzalamaqdan başqa çıxış yolu qalmadı. Belə ki, 2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan tərəfi noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan azad edilməsi Azərbaycanın növbəti qələbəsi idi.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, müharibələrdə qazanılan böyük qələbələrin əsasında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdəti dayanır. Məhz İkinci Qarabağ savaşı dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə "Dəmir yumruq" kimi birləşdiyini bir daha dünyaya nümayiş etdirdi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, habelə ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı inadkarcasına fəaliyyət göstərirdilər.

Vətən müharibəsində qazanılmış qələbədən dərhal sonra azad olunmuş ərazilərin sürətlə bərpasına başlanıldı. Hazırda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu, Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda "ağıllı kənd"in inşası işğaldan azad olunan ərazilərə qayğı və diqqətin nümunəsidir. Bu gün artıq xalqımız öz doğma yurduna qayıdır, orada məskunlaşır. Əhalinin firavan yaşayışı üçün hər cür şərait yaradılır, onlara hər cür köməklik göstərilir.

Nəzrin ELDARQIZI,

"Respublika".