Vətənpərvərlik nümunəsi
Region

Vətənpərvərlik nümunəsi

44 günlük Vətən müharibəsində qanından keçən neçə-neçə igid oğullarımız qazi oldu. Ayağını, qolunu, gözünü itirdi. Bədənində hələ də fiziki ağrıların olmasına baxmayaraq, onların ürəyində həyat eşqi, vətən məhəbbəti bir an sönmədi. Xaçmaz rayonunun Müzəffəroba kəndində yaşayan qazi Yusif Əsədullayev ilə söhbətimizdə bunu bir daha hiss etdik.

Həqiqi hərbi xidmətini cəbhə bölgəsində “N” saylı hərbi hissədə artilleriya briqadasında radiorabitəçi kimi 2012-ci ilin iyul ayında başa vurub ehtiyata buraxılsa da, oktyabr ayında yenidən orduya qayıdıb  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursuna daxil oldu.  Kəşfiyyatçı ixtisasına yiyələndi. “N” saylı hərbi hissədə xüsusi təyinatlı briqadanın kəşfiyyat qrupunda xidmətə başladı. Bir müddət həmin qrupda kəşfiyyatçı-istehkamçı kimi çalışdı. 2016-cı ildə burada xidmət müddəti bitdiyinə görə gizir hazırlığı kursuna yazıldı. Qoşunun kəşfiyyatçı taqım komandiri kursunu bitirib “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün taqım komandirinin müavini vəzifəsini yerinə yetirdi. Daha sonra hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün istehkamçısı vəzifəsində çalışdı. Bu illər ərzində peşəkar, əsl hərbçi kimi tanındı. Bir çox vətən oğlu kimi o da, torpaqlarımızı işğal edən mənfur düşməndən qisas almağı arzulayırdı.

Yusif deyir ki, müharibəyə qədərki bu illər ərzində həmişə səngərdə yağı düşmənlə üzbəüz, döyüşə nə vaxt atılacağımız barədə düşünürdük. Nəhayət, Ali Baş Komandan əmr verdi. Vətən müharibəsi başladı. Müharibənin ilk günündən bizi Daşkəsən rayonunun düşmənlə bilavasitə təmasda olan ərazilərinə gətirdilər. Burada xüsusi təyinatlı iki qrup tərkibində Kəlbəcərə tərəf irəliləyirdik. Çox çətin relyefli 4 min metrə qədər hündürlüyü olan sıldırım dağ keçidləri, keçilməz  dərələr, bir də yağı düşmənin minaladığı yerlər. İstehkamçı kimi mən qabaqda irəliləyirdim. Necə deyərlər – yol açırdım. Hündürdə mövqe tutan düşmənin fasiləsiz atəşi altında irəliləməli olduq. Çox çətinliklə də olsa 3 kilometr irəliləyib  Kəlbəcər rayonunun ərazisinə daxil ola bildik. Düşmən snayperinin atəşi altında irəliləyirdik. Sol ayağımdan düşmən gülləsinə tuş  gəldim. Döyüş yoldaşlarım mənə köməyə gəlmək istəsələr də razılaşmadım. Bura olduqca təhlükəli bir yer idi. Bir anda nə qədər adamı ölümə verə bilərdim. Odur  ki, axşama qədər dözüb sürünə-sürünə yoldaşlarıma tərəf getdim. Oradan məni Daşkəsən rayon xəstəxanasına çatdırdılar. Daha sonra Gəncə şəhər xəstəxanasında müalicə olundum. Buradan məni Bakı şəhər Mərkəzi Hərbi Klinik Hospitalına göndərdilər. Ayağımdan gülləni çıxardılar. Sonradan nə qədər cəhd eləsəm də mənim döyüş bölgəsinə qayıtmağıma izin vermədilər.

İndi yaşadığı kənddə onun haqqında hamı fəxrlə danışır. Müəllimləri, kənd sakinləri onu gənclərə nümunə göstərirlər. Deyirlər ki, vətənpərvərlik dərsini  Yusifdən öyrənmək lazımdır. Böyükdən-kiçiyə hamı bu insana ehtiram və hörmət bəsləyir.

Yusif sadə, zəhmətkeş bir ailədə böyüyüb. Atası Seyfulla kişi el sənətkarıdır.  Dəmirçidir. Kənddə hörmət, nüfuz sahibidir. Yusif də bu zəhmətkeş ailənin yetirməsidir. Valideynləri deyir ki, uşaq yaşlarında Yusifdən gələcəkdə kim olmaq istəyirsən soruşanda, o, fikirləşmədən belə cavab vermişdi: “Mən əsgər olacağam”. Bəli, o, vətənin mərd, qəhrəman, igid əsgəri oldu. Torpaqlarımızın işğaldan azad olunmasında hünər göstərdi, cəsarətlə vuruşdu. İndi onun sinəsini “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətə görə” və “Silahlı qüvvələrin 100 illiyi yubileyi” medalları bəzəyir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.