Vətənpərvər, peşəkar mütəxəssislər yetişdirən ali təhsil müəssisəsi
Digər xəbərlər

Vətənpərvər, peşəkar mütəxəssislər yetişdirən ali təhsil müəssisəsi

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 1998-ci il dekabr ayının 1-də yaradılmışdır

"Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi  olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Müasir, müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyev bütün ömrünü dövlətçiliyə, xalqının, millətinin tərəqqisinə, milli maraqların müdafiəsinə həsr etmişdir. Ulu öndərin dövlətçiliyimizin, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasına hesablanmış siyasətinin əsasında milli maraqlara və təhlükəsizliyə  strateji yanaşma əsas yer tuturdu. Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün sahələrdə gedən prosesləri, baş verən dəyişiklikləri diqqətlə izləyən Heydər Əliyev ölkədə müasir tələblərə uyğun təhlükəsizlik sisteminin yaradılmasını mühüm vəzifələrdən biri hesab edirdi.

Zəngin və şərəfli ömür yolu milli təhlükəsizlik orqanları ilə sıx bağlı olmuş,  fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan naminə, xalqı, vətəni yolunda möhkəm, sarsılmaz iradə nümayiş etdirmiş  Heydər Əliyev bu sahədə milli prioritetləri müəyyənləşdirmişdir. 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan  Heydər Əliyev qısa müddətdən sonra mərkəzi aparatda bölmə rəisi, 1953-cü ildə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə komitənin sədri vəzifəsinə seçilmişdir. 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı  da ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli liderimiz dövlət təhlükəsizlik orqanlarında leytenant rütbəsindən  general rütbəsinədək şərəfli, inamlı və şanlı yol qət etmişdir.

Xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev milli təhlükəsizlik orqanlarında çalışdığı illərdə  Azərbaycan xalqının vətənpərvər insanlarını, vətən fədailərini, xalqına öz biliyi, düşüncəsi, əqli, fikri ilə xidmət edən  azərbaycanlıları repressiya dalğasından qorumağa çalışmış, eyni zamanda milli kadrların  bu orqanlarda rəhbər vəzifələrə təyin edilməsi, gənc nəslin nümayəndələrinin bu istiqamətdə təhsil almaları məqsədilə  onların Moskva, Leninqrad, Minsk şəhərlərinə göndərilməsi üçün vəzifə səlahiyyətlərinin bütün imkanlarından istifadə etmişdir.

Həyatını xalqının həyatına bağlayan ulu öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin gələcək inkişafında böyük rol oynayan  gənc nəslin yüksək səviyyədə təhsil alması üçün  milli təhsil sisteminin köklü surətdə dəyişdirilməsi, bu sahənin dünya təhsil sisteminə inteqrasiyasının təmin edilməsi idi. Milli maraqlar naminə yüksək prinsipiallıq və qətiyyət nümayiş etdirən Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar arasında  azərbaycanlı gənclərin xüsusi xidmət orqanlarında çalışmaları  üçün   bu sahədə milli kadrların yetişdirilməsi böyük əhəmiyyət kəsb edirdi. Ulu öndərin bu istiqamətdə  xüsusi səyləri təhlükəsizlik orqanlarında milliləşmə siyasətinin həyata keçirilməsinə yönəlmişdi.

Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası  ümummilli liderin müdrik ideyaları əsasında fəaliyyət göstərir. Təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil almasının vacibliyini bildirən ulu öndərin şəxsi təşəbbüsü ilə yaradılan Akademiyada  vətənə, xalqa xidmətin bənzərsiz nümunəsi olan Heydər Əliyev irsi dərindən öyrənilir. Respublikamızda  mühüm dövlət  təsisatlarından biri olan, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına sədaqətlə, ləyaqətlə xidmət edən  peşəkar milli kadrların yetişdirilməsində mühüm rol oynayan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 1998-ci il dekabr ayının 1-də yaradılmışdır. Heydər Əliyevin müvafiq sərəncamı ilə yaradılan xüsusi təyinatlı dövlət təhsil müəssisəsində ali və əlavə təhsil proqramları həyata keçirilir, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlanır. Akademiyaya peşə seçiminin tələblərinə cavab verən, orta məktəb məzunları olan çağırışçılar, eləcə də  respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli  hərbi qulluqçular qəbul olunurlar.

Xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi, fiziki hazırlıq və s. istiqamətlərdə qurulan təhsil prosesində təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlıqlı, hüquqşünas, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabitlər yetişdirilir.

Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Kursantlar aylıq pul təminatı almaqla yanaşı, həmçinin təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən  kursantlara Heydər Əliyev adına təqaüd verilir.

5 il müddətində ali bakalavr təhsili alan kursantlar bu müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında əməliyyat təcrübəsi və ixtisaslaşma kursları keçir,  Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və "leytenant" ilk zabit hərbi rütbəsi verilir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının hüquqşünaslıq ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Akademiyada təlim-tədris prosesi ən müasir tələblər səviyyəsində qurulmuşdur. Burada müasir kompüterlər, audio-video texnika, proyektorlar və stendlərlə təchiz edilmiş xüsusi təyinatlı siniflər, kriminalistik kabinetlər, sınaq otaqları və laboratoriyaları, müasir kompüter sinifləri, linqafon zalları, zəngin fonda malik xüsusi, ümumi və bədii kitabxanalar, gözəl tərtibata və audio-video qurğulara malik klublar fəaliyyət göstərir. Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.

Tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən  uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş  təcrübəli zabitlər tərəfindən həyata keçirilir. Eyni zamanda, xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədilə DTX-nin rəhbər heyəti və yüksəkixtisaslı mütəxəssisləri Akademiyada pedaqoji fəaliyyətə cəlb olunurlar. Akademiyada bir çox ixtisaslar və elmi istiqamətlər üzrə elmi tədqiqatlar aparılır.

Hər bir xalqın inkişafını onun bilik və təhsil səviyyəsinin müəyyən etdiyini deyən ulu öndərin adını daşıyan Akademiyada təhsil almış və bu gün müxtəlif xidmət istiqamətlərində çalışan təhlükəsizlik xidmətinin hər bir  əməkdaşı  ümummilli liderin Vətənə sədaqət, xalqına, millətinə məhəbbət prinsipi əsasında fəaliyyət göstərərək  dövlət təhlükəsizlik orqanlarının milliləşdirilməsinə ciddi səy göstərən və buna  nail olan Heydər Əliyevin vətənpərvərlik, peşəkarlıq irsinə sadiqlik nümayiş etdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".