Vətənin Vüqarı
Sosial həyat

Vətənin Vüqarı

30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. Vətən müharibəsində Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazıblar.

27 sentyabr 2020-ci il tarixində başlanmış müharibədə torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Vətən Müharibəsi  Qəhrəmanı şəhid, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ağayev Vüqar Əhməd oğlu 4 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açıb. 1990-cı ildə Xanlıq kənd tam orta məktəbində təhsilini başa vurub. 1991-1992-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. Birinci Qarabağ müharibəsində Milli Qəhrəman Əliyar Əliyevin taborunda döyüşüb.

1992-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi alıb. Qusar rayonunda  təlimi başa vurduqdan sonra Naxçıvan qarnizonunda “N” saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlayıb. 1996-2000-ci illərdə Naxçıvan MR-in Ordubad rayonu Soyuq dağda, 2000-2004-cü illərdə Naxçıvan şəhərində “N” saylı hərbi hissədə, 2004-2007-ci illərdə Kəngərli rayonu Qıvraq kəndində, 2007-2008-ci ildə Naxçıvan şəhərində “N” saylı hərbi hissədə, 2008-2009-cu ildə Şahbuz rayonunda, 2010-2015-ci illərdə Naxçıvan şəhərində “N” saylı hərbi hissədə xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin  90, 95 və 100 illiyi yubiley, I, II, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Hərbi Xidmətlərə görə” medalları ilə təltif edilib.

Doğma yurdu Qubadlıdan məcburi şəkildə köçməli olan Vüqarın ən böyük arzusu düşmən tapdağı altında olan Vətən torpaqlarımızın azad edilməsi olub. 2017-ci ilin noyabr ayında təqaüdə çıxsa da, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak edib. 2020-ci ilin noyabrın 1-də qəhrəmancasına şəhid olub, Bakıdakı  II Fəxri Xiyabanda dəfn edilib.

Müharibənin qızğın vaxtında  Suqovuşan  azad ediləndən sonra  bir neçə erməni əsgəri mühasirədə qalaraq bunkerə sığınırlar. Müharibənin 22-ci günündə Azərbaycan ordusu həmin bunkeri tapır və bura girməyə çalışır, elə orada kiçik bir atışma baş verir. Bundan sonra döyüşdəki əsgərlərimizin komandiri Vüqar bunkerdəki ermənilərə təslim olmağı təklif edir. Ermənilər bildirirlər ki, mümkün deyil, çünki öldürülməkdən, əsir götürülməkdən qorxurlar. Belə olanda komandir Vüqar Ağayev silahını atır və bunkerə enir. Deyir ki, əgər mənə inanırsınızsa, təslim olun, inanmırsınızsa, güllələyin. Yalnız bu sözdən sonra ermənilər təslim olmaq barədə düşünüblər və bunkerdən çıxırlar. Vüqar Ağayev sözündə qalıb və onlara toxunmayır, hətta siqaretini bölüşür, yaralıya kömək edir.

Vüqar Ağayevin hərbçi yoldaşı polkovnik-leytenant Elbrus Ağayev bildirir ki, Vüqarla 1993-cü ildə hərbi liseydə birgə oxuyublar. Elə Vüqarla dostluğumuz  oradan başladı. Harada qulluq etməyimizdən asılı olmayaraq  əlaqəmizi kəsmədik. Vüqar çox vətənpərvər, Vətənini, elini-obasını sevən bir hərbçi idi. Vətən müharibəsi başlayanda hər ikimiz könüllü olaraq müraciət etdik. Bir neçə gün birgə olsaq da sonradan yollarımız ayrıldı. Onun şəhid olmağını  isə  məndən gizlətmişdilər. Nəhayət, 2020-ci ilin dekabrın 10-da Vüqarın şəhid xəbərini aldım. Dost itkisi ağır olur. Yeganə təsəllim odur ki, Vüqarı Vətən yolunda  itirmişəm. Tez-tez məzarını ziyarət edirəm. 

Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı", “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə  Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir)  Vüqar Əhməd oğlu Ağayevin adı verilmişdir. “Nova Gorica” kino mərkəzi “Euroclima” şirkətinin dəstəyi ilə istehsal etdiyi “Torpaqdan torpağa” adlı sənədli filmi Vətən müharibəsi qəhrəmanı Vüqar Ağayevə həsr olunub.

                                                                                  M.MİRZƏ, 

                                                                               “Respublika”.