Vətənin mərd fədailəri
Region

Vətənin mərd fədailəri

Şirvan Gənclər Evinin təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Ramil Əliyevin doğum günü münasibətilə xatirə tədbiri təşkil olundu.

Tədbirdə şəhidin təhsil aldığı məktəbin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və şagird kollektivi, şəhid ailələri, Gənclər Evinin könüllüləri, şəhər gəncləri iştirak edirdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək şəhidlik zirvəsinin bütün yüksəkliklərdən ucada dayanan bir zirvə olduğunu, şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını dilə gətirdi. Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Elvin Balayev ölkəmizin hər bir bölgəsində olduğu kimi, şəhərimizdə də Azərbaycanın müstəqilliyi uğrunda canını yurda fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğuladı. Qəhrəman şəhidimiz Ramil Əliyevin təhsil aldığı 9 nömrəli tam orta məktəbin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri Ramil haqqında xoş xatirələrini bölüşdülər. Anası Xuraman xanım övladı haqqında böyük kədərlə söz açaraq, bir ana kimi onunla fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirdi.

Şəhid Ramil Əliyevin təhsil aldığı 9 nömrəli tam orta məktəbin şagirdləri və gənclər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Tədbirin sonunda Gənclər Evi tərəfindən şəhid Ramil Əliyev haqqında hazırlanmış təqdimat videosu nümayiş olundu.

Tofiq HÜSEYN,

"Respublika".