Vətənin igid oğlu
Sosial həyat

Vətənin igid oğlu

...Səhərin gözü yeni açılmışdı. Vıyıldayan güllələrin səsindən yer-göy titrəyirdi. Cəbrayıl uğrunda qızğın döyüşlər gedirdi. Azərbaycan əsgərləri müxtəlif istiqamətlərdən düşməni geri çəkilməyə məcbur edirdilər. Nizami Həşimli və döyüş yoldaşlarına sərt qayalığın arxasına keçib yaxınlıqdakı yüksəkliyi ələ keçirmək tapşırığı verilmişdi. 

Onlar düşməni güclü atəşə tutdular. Özlərini itirən erməni quldurları məcbur olub geri çəkildilər. Ermənilər çox sayda itki verdilər. Cəbrayılın düşmən tapdağında olan iki kəndi işğaldan azad olundu. Nizami qürurla özü ilə gəzdirdiyi üçrəngli Azərbaycan bayrağını yaxınlıqdakı yüksəkliyə sancdı.

Vətən müharibəsində Nizami döyüş yolunu Qubadlı və Laçın uğrunda gedən ölüm-dirim savaşında davam etdirir, hər qarış torpaq uğrunda qeyrətlə vuruşurdu. Elin qəhrəman oğulları, Müzəffər Azərbaycan ordusunun əsgərləri az bir vaxtda yurdumuzun dilbər guşələrindən olan igidlər oylağı Qubadlını da işğaldan azad etdilər.

Nizami Laçın uğrunda gedən döyüşlərdə dağlarda mövqe tutmuş ermənilərin zərərsizləşdirilməsində igidlik göstərdi. Ağır döyüşlərdə ölümdən qorxmayaraq ən çətin məqamda neçə-neçə yaralını döyüş meydanından çıxarmağı bacardı.

Şanlı qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində Nizami Həşimli Ermənistanın işğalçı ordusuna qarşı igidliklə vuruşdu, fədakarlıq, cəsarət göstərdi...

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Nizami Ziyarət oğlu Həşimov "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunubdur.

Qədir ASLAN,

"Respublika".