VƏTƏNİ SEVMƏK AZDIR
Sosial həyat

VƏTƏNİ SEVMƏK AZDIR

Ölümə meydan oxuyanlardan biri Vətən müharibəsi şəhidi əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun anım günü Daşkəsən Şəhidlər Xiyabanında qeyd edildi. Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “Çovdar” filiz emalı sahəsinin və “Daşkəsən Dəmir Filiz” MMC-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi,  şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Şəhid Orxan Bəxtiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarına güllər düzülüb, əziz ruhuna dualar oxundu.

Daşkəsən  Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin ailəsinə başsağlığı verib, səbir dilədi və qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən  tarixi zəfər qazandı. Daşkəsənlilər də Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur, igid döyüşçülərimizdən biri də Bəxtiyarov Orxan Sərvər oğludur.

Orxan Bəxtiyarov 1991-ci ildə Daşkəsən şəhərində anadan olub. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Orxan Bəxtiyarov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhid Orxan Bəxtiyarov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Bütün daşkəsənlilər adından minnətdarlığımızı bildiririk. Şəhidimizin anası qarşısında baş əyirik. Sonra məktəb şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər oxudular. Şəhidin anası Gülbəs Bəxtiyarova ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanları, SHXÇDX-nin rayon bölməsinin əməkdaşı, şəhidin yaxınları, şəhid valideynləri, qazilər və rayonun ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi əsgər İsmayılov Tural Nürəddin oğlunun anım gününü şəhidin Gəncə Şəhidlər Xiyabanında olan məzarı yanında keçirdilər. Anım mərasimində şəhid əsgər Tural İsmayılovun xatirəsi anıldı, ruhuna dualar oxundu, məzarına güllər düzüldü, şərəfli həyat və döyüş yolundan ətraflı söhbət açıldı. Bildirildi ki, Tural İsmayılov 1999-cu ildə Daşkəsən rayonu, Zivlan kəndində anadan olmuşdur. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına savaşmış, şəxsi igidlik və şücaət göstərmişdir. Tural İsmayılov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 16-da Gəncə  Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Tural İsmayılov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

            Zabit XƏLİLOV,

            “Respublika”.