Vətəni müdafiə etmək borcu
Digər xəbərlər

Vətəni müdafiə etmək borcu

Vətən torpaqları uğrunda canından keçməklə xalqımıza şanlı qələbə yaşadan Cavid Vaqif oğlu Zeynalov Yardımlı rayonunun Mirimli kəndində boya-başa çatmışdı. Orta məktəbi bitirib Lənkəran Tibb Kollecinə daxil olur. Xalqa, el-obaya ləyaqətlə, təmənnasız xidmət etməkdən ötrü feldşer ixtisası üzrə təhsilini başa vurur.

Cavidin əsgər yaşı çatanda Milli Ordu sıralarına yola düşür. Cəbhə bölgəsində xidmətə başlayan gündən cəsur, qorxmaz, Vətənini sevən, onun bütövlüyü yolunda canından keçməyə hazır olan əsgər olaraq tanınır. Erməni dığalarına sonsuz nifrət bəsləməklə komandirlərin tapşırıqlarını uğurla yerinə yetirir. Beləcə, əsgər yoldaşları arasında seçilən, sevilən Cavid Vətən qarşısında borcunu yerinə yetirib ailəsinə qayıdır.

El-obada hamının hörmət göstərdiyi gənc oğlan təhsilini başa vurduqdan sonra bir il Yardımlıda insanların sağlamlığı keşiyində durur. Qəlbi Vətəni, torpağı ilə məhəbbətlə döyünən Cavid könüllü olaraq özünü hərbiyə bağlayır. 2013-cü ildən orduda hərbi feldşer kimi fəaliyyət göstərir.

İgid əsgər Aprel döyüşlərində sözün əsl mənasında düşmənə qan uddurur, neçə-neçə şəhidin qisasını alır. Cavidin yaşının çərçivəsinə sığmayan qəhrəmanlığı bir daha onu əsgər yoldaşların, komandirlərin gözündə ucaldır. 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalına layiq görülür.

Nəhayət ki, Cavidin arzuladığı gün gəlir. Vətən yolunda canından keçməyə hazır olan qəhrəman İkinci Qarabağ müharibəsi başlanan günü xalqımızın mərd oğullarına qoşulub cəbhənin ən qaynar yerlərinə gedir. Yaralı əsgərlərə tibbi yardım göstərməklə bərabər, həm də düşmənə sarsıdıcı zərbələr endirir. Azad olunan Qarabağ torpaqlarında Azərbaycanın bayrağı ucaldıqca ürəyi dağa dönür. Vətən sevdalısının son döyüş yeri Füzuli olur. Burada müqəddəs şəhidlik zirvəsinə ucalaraq, əbədiyyət adlı dünyasına qovuşur. Yardımlı camaatı qəhrəman oğlunun uyuduğu torpağı özlərinə and yeri bilir, hər yerdə, onun adını qürurla çəkirlər. Dövlət də Cavidin müharibə meydanında göstərdiyi şücaətini medallarla layiqincə qiymətləndirib.

 Zəfər ORUCOĞLU.