Vətənə sipər igidlər
Region

Vətənə sipər igidlər

Vətən, torpaq sevgisi Cavanşir  Namiq  oğlu Həmidliyə 23 yaşında əbədiyaşarlıq qazandırdı. Dağlar  diyarı Lerik rayonunun Çayrud kəndində dünyaya göz açan Cavanşir İkinci Qarabağ müharibəsində  sinəsini  müqəddəsliyinə  tapındığı doğma Azərbaycana sipər etməyi  bacardı.  Və haqq savaşımızda torpaq naminə yağı düşmənə matəm libasını biçməklə  adını tarixə yazdı.  Qısa ömür yaşasa da, bu qəhrəmanlıqla  könüllərdə  ölümsüzlüyə qovuşdu.  Dövlət isə Cavanşiri ölümündən sonra layiq gördüyü "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə xalqın gözündə daha da ucaltdı.

Vətənpərvər, xalqın milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə alan Cavanşir oxuduğu Çayrud kənd məktəbində hamının sevimlisi olur.  Həyatının mənasını  Vətəninə, xalqına, el-obaya xidmətdə görən yeniyetmə 2015-ci ildə yüksək qiymətlərlə  məktəbi bitirib sənədlərini Lənkəran Dövlət Universitetinə verir. Tələbə adını qazananda ürəkdən sevinir. Millətin gələcəyini düşünməklə özünü kitablara bağlayır. Və çox keçmir ki, fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü ali məktəbdə  Cavanşirə hörmət gətirir.

2019-cu ildə Cavanşirin mənalı, bir dünya qədər sevdalı tələbəlik illəri başa çatır.  Xalqına, Vətəninə sədaqətli gənc ordu sıralarına gedir. Ürəyindən keçirdiyi arzusu döyüş meydanında, hətta canı, qanı hesabına düşməni əzmək olur.  Elə Vətən, torpaq, müqəddəs amal naminə "Həmlə" Əlahiddə  Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi  təlimlərə qatılır. Hərbi texnikanın, döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəyir, doğma torpağın hər qarışını düşməndən azad etməyə hazır durur.

Vətən müharibəsi başlanan günü Cavanşi

r xalqın mərd oğlanlarıyla odun-alovun içinə, döyüşə  girir. Tərtər- Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin alınmasında xüsusi hünər göstərir. Bir qəhrəmana çevrilib düşmənin  yüzlərlə canlı qüvvəsini,  neçə-neçə hərbi texnikasını məhv edir. Füzulidə, Cəbrayılda  qeyri-bərabər döyüşlərin qalibi olur Cavanşir.  Həm  də Vətənin qəhrəman oğlu  dəfələrlə atəş altında qalan yaralı yoldaşlarının xilaskarına dönür. Adına can dediyi Azərbaycana olan məhəbbətini hər döyüşündə sübut etməyi bacarır. Torpaqları son nəfəsinədək mərdliklə vuruşub azad etmək arzusunda olan Cavanşir oktyabrın 7-də  Cəbrayılın Nüzgar kəndində gedən döyüşdə  yağı gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. 

Qısa ömrünə qəhrəmanlıq, mərdlik yazılan Cavanşiri  indi bütün Azərbaycan xalqı tanıyır, bir Vətən sevdalısı kimi onun ölümsüzlüyə qovuşan həyat yolundan nümunə götürürlər.

 Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.