Vətənə övladlıq borcu
Region

Vətənə övladlıq borcu

Vətən müharibəsi Azərbaycan gənclərinin torpaq, yurd sevgisini, vətənpərvərliyini, üçrəngli bayraq məhəbbətini, igidliyini, mübarizliyini və savaş hünərini dünyaya nümayiş etdirdi. Yüzlərlə ağcabədili gənc də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid və qazi olub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində, Ermənistanın hərbi təcavüzünə qarşı və torpaqlarımızın müdafiəsi uğrunda Ağcabədi rayonundan 177 nəfər şəhid olub. Vətən müharibəsində isə 47 nəfər ağcabədili ali məqama yüksəlib, onlarla gənc savaş qazisi olub, adları tarixin şərəfli səhifələrinə yazılıb.

Rayonun Qaravəlli kənd sakini, 19 yaşlı Niyaz Bayramlı 2020-ci ilin yanvarın 8-də həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Füzuli, Qubadlı və Cəbrayıl istiqamətində gedən qanlı savaşlarda igidlik göstərib, döyüş tapşırıqlarını mərdliklə yerinə yetirib. Niyaz həmin döyüşlərin birində ağır yaralanıb. Cəsur döyüşçü hərbi hospitalda müalicə aldıqdan sonra ordudan tərxis olunub. Qazi Niyaz Bayramlı dinc həyata qayıdıb, arzuları ilə nəfəs alıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə əsgər Niyaz Bayramlı "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bu günlərdə Ağcabədi Rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi Niyaz Bayramlının doğum günü qeyd olunub. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov savaş qazisini 20 yaşının tamam olması münasibətilə təbrik edib, ona şəxsi həyatında və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Qaziyə hədiyyə təqdim edilib. Niyaz Bayramlı göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

Vətən müharibəsi qazisi Niyaz Bayramlı hazırda rayon icra hakimiyyətində müraciətlərə operativ baxılma mərkəzində çalışır. O, eyni zamanda Atatürk Universitetinin tələbəsidir və həm də biatlon idman növü üzrə respublika paralimpiya yığma komandasına üzv seçilib. Gələcəyə doğru dərin inam və sonsuz istəklə irəliləyən Niyaz ömrünün gənclik çağında Vətən qarşısındakı sınaqdan alnıaçıq çıxıb, övladlıq borcunu şərəflə yerinə yetirib.

Salman ALIOĞLU,

"Respublika".