Vətənə dayaq igidlər
Region

Vətənə dayaq igidlər

Həyatının bahar çağında, arzularının çiçəkləndiyi bir vaxtda 20 yaşlı Elvin İsizadə daha müqəddəs və daha şərəfli bir yola çıxdı.Vətən onu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan savaşa  çağırdı. Elvin sinəsinə sıxıb min şövqlə çaldığı tarını evlərinin divarından asıb cəbhəyə yola düşdü.

Elvin Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Keçmiş təmas xəttində yerləşən kəndlərində ana laylası ilə bərabər, hər gün düşmən tərəfindən atılan silahların səsi altında böyüyüb. Ermənistan hərbçiləri havadarlarına arxalanaraq dinc insanların yaşadığı Qaradağlı kəndini demək olar ki, müntəzəm olaraq atəşə tuturdu. Belə çətin bir şəraitdə Elvinin uşaqlıq illəri həm də barıt qoxusuna bələnib.

Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvinin ən böyük arzusu tar ifaçılığı üzrə tanınan sənətkar olmaq idi. Fəqət, bu arzular ilə gənc yaşında Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan Elvin qısa, lakin mənalı həyat və döyüş yolu keçib.Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirərək onlara göz açmağa imkan verməyib. Döyüş yoldaşlarına deyirmiş ki, cəbhədən qayıtdıqdan sonra Konservatoriyada musiqi təhsilini davam etdirəcək. Bütün arzularını, həmçinin canını Vətənə qurban verən gənc musiqiçi oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Doğulub boya-başa çatdığı Qaradağlı kəndində  Vətən müharibəsi şəhidi Elvin İsizadənin  doğum günü qeyd edilib. Qəhrəmanın doğum günündə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, dostları, Qarabağ müharibəsi veteranları, qazilər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanına gələrək onun məzarı üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra Qaradağlı kəndində şəhidin xatirəsinə inşa edilmiş bulağın önündə davam edən tədbirdə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı qələbədən, ordu ilə xalqın birliyindən, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan,düşmən ordusunun məhv edilməsindən, Qalib Ali Baş Komandan İlham Əliyevin göstərdiyi fədakarlıqdan ətraflı söz açıblar. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsi gələcək nəsillər üçün əsl örnək kimi yaşayacaq. Şəhidin ailəsi dövlət qayğısı ilə əhatə olunub.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Elvin İsizadə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Haqqın və ədalətin bərpa edilməsində və 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, Vətən sevgisini, cəsarətini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elvin və onun kimi Vətən oğullarının xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Salman ALIOĞLU,

“Respublika”.